!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda kimlər jurnalist hesab olunacaq? - “Əmək müqaviləsinin olub-olmaması əsas götürülməməlidir” – REAKSİYA

“Jurnalistika elə bir sahədir ki, əmək müqaviləsi istər olsun, istər olmasın, əgər şəxs jurnalistika ilə məşğuldursa, deməli, jurnalistdir”.

Bu fikirləri artıq Milli Məclisə təqdim olunan “Media haqqında” qanun layihəsində jurnalistin təsnifatı üçün müəyyən edilmiş tələblərə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, yalnız əmək müqaviləsi olan şəxsləri jurnalist saymaq düzgün yanaşma deyil:

“Bu qanun layihəsinin müzakirə mərhələsində mən də iştirak etmişəm və mövzu ilə bağlı MEDİA rəhbərliyi ilə söhbətlərimiz olub, fikirlərimizi bölüşmüşük. Ümumiyyətlə, “Jurnalist kimdir?” sualına cavab verərkən, burada mütləq əmək müqaviləsinin, yaxud da əmək münasibətlərini tənzimləyən hər hansı müqavilənin olub-olmamasını əsas götürmək doğru deyil.

Niyə? Ona görə ki, məsələn, heç bir mediaorqanı ilə müqavilə bağlamadan fəaliyyət göstərən sərbəst jurnalistlər də var. Onların başlıca özəlliyi də budur ki, həmin sərbəst jurnalistlər müqavilə bağlamadan işləyirlər. O kateqoriyaya aid jurnalistlərin əksəriyyəti hazırladıqları materialları media bazarına çıxararaq satırlar. Bunun üçün də heç kimlə müqavilə bağlamırlar.

Digər tərəfdən, jurnalistika elə bir sahədir ki, əmək müqaviləsi istər olsun, istər olmasın, həmçinin əmək münasibətləri qurulsun, ya qurulmasın, şəxs jurnalistika ilə məşğuldursa, deməli, jurnalistdir. Yəni bunu hansısa çərçivəyə sıxıb yalnız əmək müqaviləsi olan şəxsləri jurnalist saymaq düzgün yanaşma deyil. Bildiyim qədər, media haqqında qanun layihəsi dekabrın 10-da Milli Məclisin komitəsində müzakirəyə çıxarılacaq. Çox istərdim ki, deputatlar müzakirə zamanı bu nüansları nəzərə alsınlar”.

“Media haqqında” qanun layihəsinin müzakirələ səbəb olan 1.1.4. maddəsini təqdim edirik:

“jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs;”

A.Zeynalov

www.yenicag.az

259
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100