Azərbaycanda koronavirus daşıyıcıları ciddi nəzarətdə saxlanılır – Yoluxanların sayı açıqlandı

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Yenicag.az-a verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, operativ qərargah bundan əvvəl Azərbaycanda 3 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb.