Azərbaycanda koronavirusla mübarizəyə daha 20 milyon manat ayrılır

“Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun”.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

Dövlət başçısı deyib: “Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır”.

COP29