!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda liberal istisadi sistemin DAYANIQLIĞI: Azad sahibkarlığın inkişafı üçün hansı mərhələlərdən keçilməlidir? - TƏHLİL

!Reklam – Yazi

Hər kəsə məlum olduğu kimi, ölkədə iqtisadi inkişafı əldə etmək üçün atılmalı olan əsas addım sahibkarlıqsa əlverişli mühitin yaradılmasıdır.
İstənilən ölkənin iqtisadi inkişafında dayanan əsas məsələ azad biznes və sahibkarlıq mühitinin vəziyyətidir. Qloballaşan dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq və liberal iqtisadiyyat olmadan təsəvvür etmək qeyri-mümkündür.

Mövzu ilə bağlı iqtisadçı ekspert Elman Sadıqov Yenicag.az-la öz müşahidələrini bölüşüb.

O, bildirib ki, hazırda qloballaşan dünyada iki cərəyan ayrılıb:

“Qloballaşmanın tərəfdarı olanlar və olmayanlar. Bu iki cərəyan arasında fikir ayrılıqları mövcuddur.

Faktiki olaraq bütün dünyada azad ticarət yoxdur.
Nə mənada olmadığını isə aydınlaşdırmaq lazımdır. Gömrük rüsumları, proteksionist siyasətin güclənməsi, embarqolar və s. azad ticarətə mənfi təsir edən amillərdir. Dünya ölkələri arasında sanksiyalar varsa, ticarət gömrük rüsumları ilə tənzimlənirsə, sərbəst ticarət məhdudlaşıbsa, Ümumdünya Ticarət Təşkilatı kölgəyə çəkilibsə iqtisadiyyatını gücləndirmək istəyən ölkə mütləq və mütləq bu amilləri nəzərə almalıdır. Çünki bu amillər dövlətlərin bazarlarını daraldır.

Hazırda istər qonşu dövlətlərdə, istərsə də dünya dövlətlərinin ixrac üçün bazarları daralıb. Buna səbəb isə müxtəlif sanksiyalar, müharibələr və sairədir. Bu nüansları nəzərə alaraq böyük dövlətlər kiçik ölkələr bazarında daha çox genişlənmək istəyir. Nəticə etibarilə kiçik dövlətlərdə istehsal zəifləyir, yaxud yox olur. Beləliklə, ölkə xarici idxaldan asılı vəziyyətə düşür. Bu tələdən çıxmaq üçün hər bir dövlət özünün konsepsiyasını hazırlayır.

Bu konsepsiyanın mahiyyəti nədir?

Hər bir dövlət ilk növbədə hansı məhsulu istehsal edə biləcəyini müəyyən edir. Çünki hər ölkə istədiyi məhsulu istehsal edə bilməz. Misal üçün, smartfonu hər ölkə istehsal edə bilməz, yaxud təyyarəni hər ölkə istehsal edə bilməz. Bu səbəbdən istehsal edilə biləcək məhsulu müəyyənləşdirmək mütləqdir. İkinci olaraq isə istehsal edilən məhsulun bazar payını qorumaq üçün metodlar axtarıb tapılmalıdır. Çünki bu metodlar tapılmasa, xarici məhsullar altında istehsal məhv olar. Dövlətimiz müasir dünyada baş verən reallıqlar fonunda istehsal sahəsini qorumağı bacarsa da, yeni istehsal sahələri formalaşdırmalı və bir sıra sahələrdə mövcud istehsal genişləndirilməlidir.

Sahibkarların iqtisadiyyata və biznesə yanaşma mövqeyi

İqtisadiyyatın dünya miqyasında formalaşmasının qarşısında duran ilk problemlərdən biri məhz sahibkarların mövqeyi olub. Pul qazanmaq niyyəti ilə atılan addım maksimum bir, yaxud iki il davam edə bilər. Düzdür, sahibkarlar çox qazanmaq istəyir. Lakin qazancı əsas tutmaq olmaz. İstehsal edilən məhsulun keyfiyyətinə önəm verilməli, bu amil prioritet sayılmalıdır. Bir məhsulun keyfiyyəti çox yüksəkdirsə, lakin qablaşdırılması, yaxud insanlara təqdimatı standartlara uyğun deyilsə, məhsulun brendləşməsi əsas tutulmursa həmin biznes müvəqqətidir. Bir çox sahibkarların inkişaf edə bilməməsinin və bizneslərini itirməsinin səbəbi məhz belə sadə şeylərdən irəli gəlir.
Hazırda bir çox ölkələrdə sahibkarlar “mən məhsulumu brend edəcəm” deməkdənsə “mən daha çox necə qazanım?” düşüncəsindədir. Təəssüf ki, belə sahibkarlara ölkəmizdə də rast gəlmək mümkündür. Həmin sahibkarlarla dövlət qurumları maarifləndirmə işləri aparmalıdır.

Sahibkarlığın inkişafı üçün əsas iki istiqamət var: Marketinq və risk menecmenti

Marketinq çoxunun bildiyi əksinə reklam deyil, bazarın araşdırılması elmidir. Riskləri isə düzgün idarə edə bilməyən sahibkarın biznesi batmağa məhkumdur. Nəticə olaraq hər iki istiqamət bir-biri ilə uzlaşmalıdır. İqtisadi gerçəklikləri, trendləri və dayanıqlı biznes üçün tələbləri doğru mənimsəyən sahibkarın yolu hər zaman açıqdır. Belə sahibkarlar həm də öz haqq-hüquq və vəzifələrini daha aydın dərk edirlər. Sahibkarlıq mədəniyyətini inkişaf etdirə bilsək, həm iqtisadiyyat, həm də azad sahibkarlıq yüksək səviyyədə formalaşacaq”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv