!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda magistratura üçün ƏSAS GÖZLƏNTİ: “Bu pillədə qiyabi təhsil formasının tətbiqi...”

!Reklam – Yazi

“Magistraturanı elə gənclər seçməlidir ki, onlar öz ixtisaslarına maksimum dərəcədə yiyələndikdən sonra onu əmək bazarında tətbiq edə bilsinlər”.

2024/25-ci tədris ilində ölkənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu artıq başa çatıb. Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün qəbul imtahanının 1-ci mərhələsi bu il fevralın 11-də baş keçiriləcək. Lakin magistrartura pilləsində hələ də davam edən əsas problemlərdən biri bu pillədə qiyabi təhsil formasının olmamasıdır.

Ali təhsilin bakalavr pilləsini bitirən bir çox gənc iş həyatına atıldığı üçün ya xarici ölkələrdə qiyabi formada təhsilini davam etdirmək məcburiyyətində qalır, ya da uyğun imkanı olmadığı üçün ümumiyyətlə, bu təhsil pilləsində oxumaqdan imtina edir. Lakin məcbur olub təhsilini ölkədə davam etdirənlər də az deyil.

Haqqında danışılan çatışmazlıq barəsində Yenicag.az-a danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə, bir çox tələbənin magistr pilləsini seçməsi haradasa formal xarakter daşıyır:

“Fikrimcə, magistraturada qiyabi təhsil formasının tətbiqi bu təhsil pilləsinə marağı xeyli dərəcədə artıra bilər. Doğrudur, bu gün məktəblədə necə oxumasından asılı olmayaraq, universitetlərə sənəd vermək necə dəb halını alıbsa, artıq bir neçə ildir ki, bakalavr təhsilini necə bitirməyindən asılı olmayaraq, maraq dairəsindən asılı olmayaraq, magistraturaya qəbul olmaq istəkləri də sanki formal xarakter daşıyır.

Biz əmək prosesində bir çox gəncin magistratura səviyyəsində hansı məqsədlə və nəyə əsasən təhsil almağı barədə soruşduqda, onlar ya cavab verə bilmirlər, ya da diplom almaq xatirinə oxuduqlarını etiraf edirlər. Onların çox az qismi akademik pillələrdə inkişaf etmək, bu yolda irəliləmək üçün oxuduqlarını bildirirlər.

Biz bu gün magistratura pilləsinin məqsədyönlü olması barədə düşünməliyik. Magistraturanı elə gənclər seçməlidir ki, onlar öz ixtisaslarına maksimum dərəcədə yiyələndikdən sonra onu əmək bazarında tətbiq edə bilsinlər. Məhz belə tələbələr üçün lazım gəldikdə, qiyabi tədris də tətbiq oluna bilər”.

Ekspert bu təhsil pilləsində distant tədrisin vacibliyini də vurğulayıb:

“Magistratura təhsil formasında mütləq stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Azərbaycanda təhsilin əyani və qiyabi formaları olsa da, distant təhsil forması yoxdur. Düzdür, pandemiya dövründə biz məcbur olaraq bu formadan istifadə etdik. Sınaq bunu göstərdi ki, ali təhsil müəssisələrimiz müəyyən dərəcədə də olsa, el arasında deyildiyi kimi, “çulunu sudan çıxara” bildi.

Lakin biz gördük ki, iyirmi birinci əsr məsafədən təhsilin, informasiya texnologiyasının əsridir. İstifadə etdiyimiz texnologiya bizi dünyanın istənilən universitetinə bağlıya bilər. Magistratura pilləsində də bu mexanizmin tətbiqinə xüsusi ehtiyac var. Biz bu gün magistraturada qiyabi təhsilin olub-olmaması haqqında düşünməməliyik.

Biz düşünməliyik ki, əlimizdə olan mobil telefonla dünyanın bir çox nüfüzlü universitetinin magistr proqramına daxil olub onlayn rejimdə həmin proqramı mənimsəyə bilərik. Bu o demək deyil ki, iyirmi birinci əsrdir deyə, təhsil tam distanta formaya keçirilsin. Xeyr, ənənəvi təhsilin yeri tamam başqadır”.

Mütəxəssis Azərbaycanın bəzi əsas universitetlərində axşam növbəsinin mövcud olduğunu da diqqətə çatdırıb:

“Artıq bir çox universitetdə – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti kimi Azərbaycanın əsas ali təhsil ocaqlarında magistratura pilləsində axşam növbələri mövcuddur.

O baxmdan, günün birinci yarısını əmək bazarında keçirən şəxs axşam dərslərinə qatıla bilir. Onu da vurğulayım ki, MBA ixtisası üzrə dərslər məhz axşam növbəsində keçirilir. Axşam dərslərini tətbiq etmək artıq bir çox universitet üçün çətin deyil. Lakin magistratura üzrə qiyabi təhsil formasının tətbiqi yalnız dövlət səviyyəsində həll oluna bilən məsələdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv