“Bakı Slavyan Universiteti hazırda Rusiyanın Azərbaycandakı səfirliyi, ya da mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər geniş müzakirə olunan Azərbaycanda feminizm hərəkatı və prorektor xanımın Milli Məclisin yeni sədri seçilməsi məsələlərinə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu bildirib ki, “Azərbaycanda feminizm adı altında seksual azadlıqların tələb edilməsi bu hərəkatın saxta olduğunu bir daha sübut edir. Azərbaycanda nə feminizm var, nə də normal seçki”.
ADP sədri Milli Məclisdəki təyinatlara da toxunub: “Azərbaycanda parlament seçkilərinin keçirilməsində və indiki tərkibin Milli Məclisə salınmasında Rusiyanın təsiri məlumdur. Elə təyinatlarda da bu faktor nəzərə alınıb”.
ADP sədri parlamentin yeni spikerinin yaxın günlərə qədər prorektoru olduğu Bakı Slavyan Universitetinin (BSU) fəaliyyətinə də toxunub:
“Həmin universitet hazırda Rusiyanın Azərbaycandakı səfirliyi, ya da mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Orada rus düşüncəsi ilə mütəxəssislər hazırlanır.
Universitetin indiki rektoru vəzifəyə təyin olunan kimi Azərbaycanın görkəmli şəxslərinin təsvirləri olan nəhəng mozaikanı sökdürdü, Primokovla bağlı müsabiqə keçirdi və sair. Bütün bunlar dövlət üçün ciddi təhlükə yaradan hallardır”.
Səxavət Məmməd