!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda plüralist cəmiyyətin inkişafı: Ölkədə söz və ifadə azadlığı necə təmin olunur? - TƏHLİL

!Reklam – Yazi

Bu gün Azərbaycanda hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Ölkəmizdə təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında Ümummilli lider Heydər Əliyevin həlledici rolu danılmaz bir faktdır. Belə ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və bu çərçivədə ciddi addımlar atıldı.

Ulu Öndərin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı“, həmçinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında“, “Məlumat azadlığı haqqında“, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında“, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən mühüm elementə çevirdi.

Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlıdır. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına inanılmaz təkan verib. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezident İlham Əliyevin mediaya diqqət və qayğısı xüsusilə seçilir. Bir neçə dəfə “Jurnalistlərin dostu” xüsusi mükafatına layiq görülən dövlət başçısı bildirib ki, bu mükafatın verilməsi böyük məna daşıyır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dönəmində media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz və fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını sürətləndirib.

2021-ci ildə ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında bildirib ki, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub. Belə ki, dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, media ilə təmaslarını intensivləşdirdikləri diqqəti cəlb edir:

“Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli media ilə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun media təmsilçiləri ilə görüşləri müntəzəm xarakter alıb. Eyni zamanda, Azərbaycanda sərbəst çalışan (frilans) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb”.

Ölkə mətbuatının mövcud problemlərinə də toxunan Mətbuat Şurası sədrinin müavini bildirib ki, Kütləvi informasiya Vasitələrinin (KİV) peşəkarlaşması istiqamətində yeniliklərin əldə olunmasına ehtiyac var:

“Təəssüf ki, bu gün Azərbaycan mətbuatında peşəkarlıqla bağlı müəyyən çatışmazlıqlar var. Xüsusən də araşdırma və hərb jurnalistikası, janr və üslubların yenilənməsi məsələsində ixtisaslaşma zəruridir. Azərbaycan jurnalistləri fədakardırlar. Onlar cəbhə bölgəsində canlarını fəda etmək bahasına olsa belə, ölkəmizin həqiqətlərini dünyaya çatdırmağa çalışdılar. Bu faktı heç kim inkar edə bilməz”.

Xatırladaq ki, müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Tədqiqatçılar fikir və söz azadlığı ilə, cəmiyyətin hər bir üzvünün sərbəst şəkildə məlumat əldə etmək haqqının mövcudluğu ilə plüralizm anlayışı arasında müəyyən bağlılıq görürlər. Belə ki, yalnız fərqli düşüncələrə malik şəxslərin öz fikirlərini azad ifadə edərək bir araya gəldiyi bir cəmiyyətdə plüralist konsepsiya özünü göstərə bilər. Müasir cəmiyyətin aktual elementi olan siyasi plüralizm şəraitində vətəndaş öz iradəsi əsasında istənilən mövqeyə, yanaşmaya malik ola bilər.

Bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. Azərbaycanda təşəkkül tapan demokratik dəyərlər də tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar. Azərbaycanda mətbuatın inkişafının, o cümlədən, söz azadlığı və plüralizmin yüksək səviyyədə təmin olunmasının arxasında isə illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb və atılır. Dövlət tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv