!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qanunların aliliyinə TƏMİNAT: Ölkədə insan hüquq və azadlıqları necə qorunur? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının təməlinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu hər kəsə məlumdur. Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalandı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi.

Azərbaycanın Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edilməsi, beynəlxalq konvensiya və sazişlərə qoşulması, Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn inkişafa doğru “yol planı”nın hazırlanmasının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Onun adı ilə bağlı olan bu islahatlar yeni əsrin və yeni dövrün başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədə və beynəlxalq arenada nüfuzunu daha da artırıb.

 

Bu aktual mövzu ilə bağlı Yenicag.az-a danışan “Konstitusiya” Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən qabaqcıl hüquq toplularından biri kimi insan hüquq və azadlıqları ilə bağlı bütün normaları özündə ehtiva edir:

“Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi məsələsi Konstitusiyada öz həllini tapıb. Eyni zamanda, dövlətin ali məqsədi Əsas Qanunun 12-ci maddəsinə görə, insan hüquq və azadlıqlarının təmin edilməsidir. Dövlət üçün bundan daha yüksək məqsəd ola bilməz. Dövlətin və müvafiq qurumların mövcudluğunun təminatı məhz əhaliyə xidmət etməsidir. Yəni dövlət orqanları, Ombudsman, həmçinin məhkəmələr tərəfindən insan hüquq və azadlıqlarının qorunması başlıca şərt və əsas vəzifələrindəndir.

Əlavə olaraq, Azərbaycan Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasına qoşulmaqla, bu instansiyaya müraciətlə bağlı təminat alıb. Həmçinin BMT-nin Ədalət Məhkəməsinə də müraciət etmək mümkündür. Yəni həm ölkə daxilində, həm də ölkə xaricində insan hüquq və azadlıqlarının müdafiə olunması ilə bağlı yetərli qədər vasitələr mövcuddur. Ancaq bütün bunlar yenə də insan hüquq və azadlıqlarının tam təmin olunduğu anlamına gəlmir. Məmur özbaşınalığı, yaxud ayrı-ayrı təşkilatlar ucbatından müəyyən problemlər hələ də mövcuddur.

Digər tərəfdən, qüvvədə olan qanunvericiliyin özündə də müəyyən boşluqlar var. Lakin mütəmadi olaraq bu boşluqların aradan qaldırılması istiqamətində addımlar atılır. İnsan hüquq və azadlıqları ilə bağlı yeni fəaliyyət planının qəbul edilməsinə zərurəti yaranıb. Çünki bu gün kibertəhlükəsizliklə bağlı məsələlərdə ciddi problemlər var. Sosial şəbəkələr üzərindən insan hüquq və azadlıqlarının pozulması hallarının şahidi oluruq. Məsələn, şübhəli şəxs qismində saxlanılan bir şəxsi götürək. Onun məhkəməsi başa çatmamış, qərar qəbul edilməmiş yüksək izləyici kütləsinə sahib olan istifadəçilər elə təbliğat aparırlar ki, müstəntiq təzyiq altında qalır, şübhəli şəxs isə cəmiyyətin nəzərində qurbana çevrilir.

Vahid məhkəmə təcrübəsinin tətbiqi çox mühüm məsələdir. Eyni zamanda, bu prosesdə vətəndaşlara müraciət olunması onların hüquqi biliklərinin artmasına, qərarların stabilliyinə, iştirakçılığın artmasına təsir edən vacib amillərdəndir. Ümumilikdə hüquqların müdafiəsi, qanunvericilik, Konstitusiyanın müddəalarının hər kəs tərəfindən öyrənilməsi üçün təbliğat layihələri hazırlanmalı, hüquqların təmin olunmasında birgə fəaliyyət üçün əlverişli zəmin formalaşdırılmalıdır”.

Ölkədə insan hüquq və azadlıqlarının qorunmasına yönəlik ardıcıl tədbirlərdən bəhs edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının güclü konstitusion əsasları var:

“1995-ci il noyabrın 12-də qəbul olunan Azərbaycan Respublikasının Konstitutasiyasının üçdə birini insan hüquq və azadlıqlarına aid müddəalar təşkil edir. Həmçinin sadalanan məsələlərin qorunması və təmin olunması üçün xüsusi mexanizmlər də mövcuddur. Bundan başqa, Prezident İlham Əliyev vətəndaşların problemlərinin həll olunması üçün təyin edilən məsul şəxslərə hər zaman səslənərək, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi, lazımi addımların yerindəcə atılması barədə tapşırıqlar verib.

İnsan hüquq və azadlıqlarının təmin olunması üçün digər mühüm vasitələrdən biri də ictimai iştirakçılıqla bağlıdır. Bu isə çox mütərəqqi mexanizmdir. Səmərəli tətbiq olunduqda, dövlət idarəetməsində vətəndaşların iştirak hüququnu effektiv şəkildə reallaşdırmağa imkan verə bilər. Eyni zamanda, ictimai iştirakçılığın digər istiqamətləri də aktiv istifadə olunmalıdır. Buraya ictimai dinləmələr və müzakirələrin keçirilməsi aiddir. Yəni qanunvericiliyin verdiyi imkanlar barədə daha geniş auditoriyanı məlumatlandırmalıyıq. Nəticədə isə vətəndaşlar öz hüquq və azadlıqlarını daha effektiv şəkildə müdafiə edə biləcəklər.

Müşahidə apardıqda, məişət zorakılığı hallarının artmasında müəyyən artım nəzərə çarpır. Bunu nəzərə alaraq regionlarda qadın və uşaq sığınacaqlarının sayı artırılmalıdır. O cümlədən, paytxatda da yeni sığınacaqlar açmağa ehtiyac var. Qeyd olunanlardan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilikdə həm məişət zorakılığı, həm intihar, həm də uşaqlara qarşı törədilən şiddət halları ilə bağlı məsələlərin daha detallı tənzimlənməsinə ehtiyac var.

Bu sahədə indiyə qədər əldə edilən təcrübə, həmçinin qabaqcıl beynəlxalq praktika nəzərə alınmalıdır. Bu sahədə ən vacib istiqamətlərdən biri də məhkəmə sistemində hazırda davam edən islahatların daha da dərinləşdirilməsidir. Xüsusilə, elektron məhkəmə alətlərindən daha geniş şəkildə istifadə olunması, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və müşahidə olunan neqativ halların aradan qaldırılması ilə bağlı ciddi monitorinq sisteminə ehtiyac var. Monitorinq sisteminin yaradılması isə Ali Məhkəmə tərəfindən həyata keçirilməlidir. Beləliklə, bu sahədə əldə edtiyimiz müsbət nəticələrin arealı daha da genişləndirilməlidir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

2706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv