Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Yenicag.az xəbər verir ki, bayram qəməri təqvimlə Zül-hiccə ayının 10-dur və Azərbaycan üfüqünə uyğun olaraq miladi təqvimlə avqustun 22-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar isə dünəndən Minada qurban kəsiblər.
Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.
Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasından bildirilib ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eydül-Əzha” – Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü müsəlman ümmətinin böyük sevinc və fərəh məqamıdır.
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar – bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.