!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda regionların İNKİŞAF MODELİ: Bölgələrin iqtisadi yüksəlişi necə təmin edilir? - TƏHLİL

!Reklam – Yazi

Elnur Fərzəliyev: “İşğaldan azad edilmiş hər bir rayonumuz zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malikdir”.

Əsli Kazımova: “Azad olunmuş ərazilərimizdə istehsal ediləcək kənd təsərrüfatı məhsulları ixrac potensialımızın artmasında əhəmiyyətli yer tutacaq”.

Məlum olduğu kimi, regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, yeni texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır.

Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər üzrə Dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə ölkə iqtisdiyyatında da yeni inkişaf mərhələsinin başlamasına yol açıb. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Regionların və iqtisadiyyatın inkişafına təkan verəcək addımlardan biri də yeni konsepsiyaların qəbuludur. Buraya davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq, yüksək və ədalətli sosial təminat və digər məsələlər daxildir.


Regional sosial və iqtisadi inkişafla bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə 140 adda faydalı qazıntı var və həmin mədənlərin istifadəsinə başlanılması ölkəyə böyük gəlir gətirəcək:

“İşğaldan azad edilmiş ərazilərlə bağlı böyük planlar var və onların həyata keçirilməsi ilə həmin ərazilər daha sürətlə inkişaf edəcək. Çünki orada salınan kənd və qəsəbələrin Baş planı hazırlanır. Hər şey standartlara uyğun olacaq. O ərazilərdə artıq növbəti mərhələdə daha çox xarici şirkətlər işləyəcək. “Böyük Qayıdış” planı Azərbaycanın inkişaf etməsinə və Bakı şəhərinin sıxlıqdan azad olmasına gətirib çıxaracaq. İşğaldan azad olunmuş bütün ərazilərimizin ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacağı və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacağı danılmazdır.

İşğaldan azad edilmiş hər bir rayonumuz zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malikdir. Bu isə gələcəkdə Azərbaycan üçün böyük inkişaf deməkdir. Uzun illər ərzində ölkənin digər şəhərlərində, xüsusən də Bakıda məskunlaşmış məcburi köçkünlərin həmin ərazilərə qayıdıb təsərrüfat fəaliyyəti ilə məşğul olması üçün “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması nəzərdə tutulur. Dövlətimiz məcburi köçkünlərə azad edilmiş ərazilərdə elə bir şərait qurmaq istəyir ki, geri dönüş onlar üçün də maraqlı olsun. Xatırladım ki, işğaldan azad olunmuş ərazilərdə qurulan hava limanları regionun, eyni zamanda, ölkənin iqtisadi baxımdan qüdrətlənməsinə xidmət edir”.


Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova isə bu barədə Yenicag.az-a açıqlamasında qeyd edib ki, düzgün istiqamətlənmiş, milli maraqlara söykənən iqtisadi siyasət kursu ölkəmizin qazandığı nailiyyətlərdə mühüm əhəmiyyət kəsb edir:

“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı əsas yük işğaldan azad edilmiş rayonlarımızla bağlıdır. Məhz buna görə də azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava limanları, elektrik stansiyaları inşa edilir. Bu gün Azərbaycan istər böyük dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Azərbaycan dövləti bu gün xarici ticarət balansında müsbət göstəricilərə malikdir. Xüsusilə də azad olunmuş ərazilərimizdə istehsal ediləcək kənd təsərrüfatı məhsulları ixrac yönümlü olacaq və ixrac potensialımızın artmasında əhəmiyyətli yer tutacaq. Bu isə Azərbaycanın iqtisadi gücünü daha da artıracaq.

Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin tapşırıqları ilə sosial-iqtisadi inkişafına təkan verən bir sıra mühüm addımların atıldığı danılmaz faktdır. Azərbaycan birmənalı şəkildə formalaşdırılmış infrastrukturun dəyərə çevrilməsi istiqamətində vacib tədbirlər görür.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv