Azərbaycanda rus məktəbləri qalsın, qalmasın? – Keçmiş nazirdən REAKSİYA

“Rus dilini öyrənməyin tərəfdarı olsam da, rus dilində məktəblərin qalmasının əleyhinəyəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda rus dilində məktəblərin və bölmələrin saxlanıb-saxlanmaması haqda gedən müzakirələrə münasibət bildirən keçmiş təhsil naziri Firudin Cəlilov deyib.

Firudin Cəlilov hesab edir ki, Azərbaycan rus məktəblərini saxlamamaq şərtilə, rus dilinin tədrisini yaxşılaşdırmaq mümkündür:
“Bilirsiz, cəmiyyəti narahat edən, qayğılandıran istənilən məsələ əvvəl-axır gündəmə çıxmalıdır. O baxımdan, bu mövzunun da ictimai qaydada müzakirəyə çıxarılmasının əhəmiyyəti var. Başa düşdüyüm qədər, rus məktəblərinin, yaxud da məktəblərdə rus bölmələrinin saxlanılıb-saxlanılmaması artıq gündəmə daşınmış bir problemdir.

Azərbaycanda, məsələn, ingilis dilində məktəblərin olduğunu nəzərə alsaq, bir neçə rus məktəbinin olmasının ziyanı yoxdur. Ölkədə ruslar da yaşayır və onlar öz uşaqlarını o məktəblərdə oxutmaq istəyirlər. Ancaq məsələ burasındadır ki, bizdə bir çox azərbaycanlı ailələr də öz uşaqlarının rus məktəblərində təhsil almalarına çalışırlar.

Niyə? Əvvəla, rus məktəbləri üçün dərsliklər çox yaxşı hazırlanır, müəllimlər kifayət qədər hazırlıqlı və etik davranış normalarına riayət edirlər… Ümumiyyətlə, o məktəblərdə qanun-qayda var, kübar mühit yaradılıb, məzunlarının intellektual səviyyəsi yüksək olur və deyilənə görə, o məktəblərdə rüşvət də yoxdur. Bütün bu sadaladıqlarımı nəzərə alan bəzi valideynlər övladlarını rus məktəblərinə qoymağa can atırlar.

Ancaq bu, yaxşı hal deyil. Niyə? Rus dilini bilmək yaxşıdır. Lakin rus məktəbində oxumaq Azərbaycan tarixindən, ədəbiyyatından və mədəniyyətindən uzaq düşmək deməkdir. Rus məktəbində təhsil alan bizimkilər folklorumuzu bilməyəcəklər, klassiklərimiz və müasir ədəbiyyatımız haqqında məlumatsız olacaqlar, mədəniyyətimizə nabələd qalacaqlar. Eyni zamanda, rus məktəblərində oxuyanlar Azərbaycan dilini səlis bilməyəcəklər və “rusdilli azərbaycanlılar” kateqoriyasına düşəcəklər. Onlar isə evlərində də rusca danışırlar. Yəni rus məktəblərinin belə fəsadları var.

Bəs bu məsələni necə həll etmək olar? Məncə, Azərbaycan məktəblərində rus dili saatlarını müəyyən qədər artırmaq və dərslikləri daha da təkmilləşdirmək lazımdır. Qoy Azərbaycan məktəblərinin şagirdləri ingilis dilini öyrəndikləri kimi, rus dilini də öyrənsinlər. Nəzərə alaq ki, bizim Rusiya ilə əlaqələrimiz hələ uzun müddət davam edəcək. O mənada rus dilini öyrənməyin tərəfdarı olsam da, rus dilində məktəblərin olmasının əleyhinəyəm”.

A.Zeynalov

COP29