!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda siyasi mədəniyyəti formalaşdıran ZƏMİN: Dövlət buna necə nail olur? - TƏHLİL

!Reklam – Yazi

Siyasi mədəniyyət – siyasi bilik və siyasi təcrübənin, eyni zamanda, siyasi fəaliyyətin sintezidir.

Hər hansı bir ölkənin siyasi sisteminin hüquqi əsaslar və siyasi dəyərlərə söykəndiyini, həmin dövlətdə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri məhz siyasi mədəniyyətdir. Siyasi mədəniyyətin bir sıra təzahür formaları mövcuddur. Ən birinci təzahür forması hakimiyyət münasibətidir. Bu, hakimlik və tabeçilik münasibətlərini əks etdirir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Siyasi mədəniyyətin üçüncü təzahür forması qərarların qəbul edilməsinə vətəndaşların təsiri və iştirakçılıq səviyyəsidir. Dördüncü təzahür formasını isə cəmiyyətin siyasi əhval-ruhiyyəsi adlandırmaq olar.

Siyasi mədəniyyətin inkişaf etməsi vətəndaşların siyasi idarəetməyə təsirini artırır. Eyni zamanda, cəmiyyətin fəal üzvləri qərarların qəbulu və icrası prosesinə də təsir göstərir. Bu isə hakimiyyət-cəmiyyət münasibətlərində birmənalı şəkildə müsbət effekt yaradır. Siyasi mədəniyyət idarəetmədə iştirak edən və etməyən fərdlərin mənəvi-psixoloji yönümlərini və dəyərlərini müəyyən edir. Bu da ölkə daxilindəki siyasi davranış və mövqeləri formalaşdıran amil kimi ön plana çıxır. Sözügedən faktor bir ölkənin perspektiv inkişaf səviyyəsini müəyyənləşdirən kontur qismində dəyərləndirilir.

Ölkəmizə gəlincə Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir.

Bu da nəzərə alınmalıdır ki, siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin “oyun qaydaları”ndan tutmuş, geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir. Siyasi mədəniyyət cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biridir. Sosioloji sorğular göstərir ki, Azərbaycanda ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir. Siyasi sistemin sabitliyinə və davamlılığına münasibətdə xalqın rəyi dəyişməzdir. Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent hakimiyyətin bu halları yoluna qoyacağına qətiyyətlə inanır. Çünki sosial və siyasi mədəniyyəti yüksək olan insanlar həmin sahələrin inkişafı üçün mütərəqqi addımlar atır və problemlərin həllinə çalışır.

Bir sıra ekspertlərə görə, ölkə vətəndaşlarının sosial və siyasi mədəniyyətinin təkmilləşdirilməsi üçün siyasi institutların rolu vacibdir. Bu mühüm funksiyanı yerinə yetirməli olan quruluşlardan biri məhz siyasi partiyalardır. Azərbaycanda seçkili hakimiyyətin mövcudluğu, xalqın seçiminin daim nəzərə alınması siyasi mədəniyyətin və hüquqi düşüncənin inkişafına davamlı təkan verir. Cəmiyyətin sosial və siyasi şüurunun formalaşmasının başlıca elementlerindən biri məhz siyasi institutların şəffaf fəaliyyəti və seçkilərin müntəzəm keçirilməsidir. Vətəndaşlara seçib-seçilmək hüququnun tanınması onların siyasi fəallığının artırılmasını şərtləndirən amildir. Bu baxımdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində kifayət qədər işlər görülüb və görülməkdə davam edir. Siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də siyasi fəallığın artırılması üçün ölkədə lazımi şərait yaradılıb. Siyasi baxışından, dinindən, dilindən asılı olmayaraq, hər bir vətəndaş rahat və sərbəst yaşayır və fəaliyyət göstərir.

Sirr deyil ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Mərhum prezidentin fəaliyyəti dövründə Azərbaycanda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalandı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Bundan sonra Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin yaradıcısı olduğu bu islahatlar yeni əsrin başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədəki nüfuzunu daha da artırıb.

Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ümummilli liderin siyasi kursu uğurla davam etdirildi. Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur. Azərbaycanda sabitliyin təmin olunması, insanların hakimiyyətə etibar etməsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Onu da qeyd edək ki, bu gün Azərbaycan gəncliyinin siyasi cəhətdən maarifləndirilməsi, öz hüquq və azadlıqlarını dərk etmələri, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi vacib məsələlərdən biri hesab olunur. Gənclərin siyasi tərbiyəsi, onların problemlərinin həllinə dəstək, bu sahədə hüquq və azadlıqlarının, habelə iradə ifadələrinin təminatı və gənc vətəndaşlara dövlət qayğısı ölkənin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu fonda qəbul edilən proqramlara uyğun olaraq keçirilən tədbirlər, müxtəlif sahələrdə gəncləri maraqlandıran məsələlərin həllinə dair verilən sərəncamlar, qəbul edilən qərarlar, dövlət orqanlarının və ictimai təşkilatların fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, iqtisadiyyat və digər sferalarda dəstək, Azərbaycan dövlətinin gənclərin siyasi təfəkkürünün inkişafına dair yönəlmiş vacib istiqamətlərin bariz nümunələrindəndir.

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi əsas yer tutur. Güclü və aktiv qüvvə sayılan gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Qeyd edilən məsələyə professional yanaşmanın məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv