Azərbaycanda siyasi plüralizm ənənələri formalaşıb

Azər Verdiyev: “Bu prosesdə mətbuat müsbət rol oynayır”

Günümüzdə müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətin bütün norma və prinsiplərinə ən yüksək səviyyədə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli, davamlı addımlar atır. Demokratik cəmiyyətin vacib elementlərindən birinin siyasi plüralizm olduğunu nəzər alsaq, əminliklə deyə bilərik ki, ölkəmizdə bu prinsipə də ən yüksək səviyyədə riayət olunur, siyasi azadlıqlar təmin edilir, qorunur. Elə Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyev də bu qənaətdədir. “Olaylar”a verdiyi müsahibədə Azər Verdiyev ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlardan danışıb.

-Azər bəy, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda hazırkı vəziyyət necədir və sizcə ölkədə siyasi plüralizm mövcuddurmu?

-Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval – ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır. Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir. Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.

-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?

-Demokratiya yolunu tutan, inkişafını bu istiqamətdə quran, eyni zamanda qeyd edilən sahədə zaman-zaman bu prinsiplərə sadiqlik nümayiş etdirən addımlar atan ölkələrdə bir qayda olaraq siyasi plüralizm də yüksək səviyyədə təmin edilir. Əslində söz, məlumat, fikir və ifadə azadlığı kimi siyasi plüralizm də bir ölkənin, cəmiyyətin demokratiya sahəsində necə inkişaf etdiyinin göstəricisidir. Mübaliğəsiz, filansiz demək olar ki, bu gün Azərbaycanda siyasi plüralizm mövcuddur və bu prinsip də ən yüksək səviyyədə qorunur. Özü də bununla bağlı qanunvericlik bazası da mövcuddur və qeyd edilən məqamlar qanunlarda da öz əksini tapıb. Həmçinin “Siyasi partiyalar haqqında Qanun”da da öz əksini tapıb. İstər sözügedən qanunun mövcudluğu, istər həmin qanunda yer alan mühüm maddələrdə açıq şəkildə göstərilir ki, dövlət siyasi partiyaların mövcudluğu, onların inkişaf etməsində maraqlıdır və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Məsələn, “Siyasi partiyalar haqqında qanunun III fəslinin 13-cü maddəsində göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Həmçinin dövlət bu Qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Eyni zamanda qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.

-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiyalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Müstəqil Azərbaycanda seçmək və seçilmək hər bir vətəndaşın hüququdur. Bu hüququ Konstitusiyamız təsbit edib. Ölkəmizdə hazırda yüksək siyasi plüralizm mühiti formalaşıb və media bu prosesi ən müxtəlif rakurs və spektrlərdən əks etdirməyə borcludur. Təqdirəlayiq haldır ki, Azərbaycanda seçkilərin hər dəfə azad, demokratik, ədalətli mübarizə şəraitində keçirilməsi üçün ölkə mətbuatı öz töhfəsini verməyə çalışır. Azərbaycan dövləti seçkilərin azad və ədalətli keçirilməsi üçün siyasi iradə ortaya qoyub. Ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürməsi, mövcud demokratik təsisatların normal fəaliyyət göstərməsi, vətəndaş fəallığı seçkilərin bu dəfə də uğurla keçiriləcəyinə zəmanət verir. Azad və ədalətli seçkilər ölkədə vətəndaş cəmiyyəti quruculuğunu, bütövlükdə, demokratikləşmə prosesini daha da dərinləşdirir və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına ciddi təsir göstərir. Azərbaycanda seçkilər mətbuat üçün açıqdır. Ölkəmizin müstəqillik tarixinin bütün dövrlərində seçkilərdə mətbuatın sərbəst fəaliyyəti təmin olunub. Azərbaycanda siyasi plüralizm ənənələri formalaşır və prosesdə mətbuat müsbət rol oynayır. Bəllidir ki, Azərbaycanda dövlət-media, vətəndaş cəmiyyəti və KİV münasibətlərinin mütərəqqi ənənələri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə formalaşıb. Ümummilli lider ölkəmizdə siyasi plüralizmin təşəkkülündə mətbuata geniş meydan verilməsinə çalışırdı. Hesab edirdi ki, söz, ifadə və fikir müxtəlifliyi cəmiyyəti irəliyə, tərəqqiyə aparır. Reallıq budur ki, Prezident İlham Əliyev və onun komandası tərəfindən cəmiyyətdəki plüralist siyasi mühit son illər qorunaraq daha da zənginləşib. Bunu görməmək və sevinməmək, sadəcə, mümkün deyil. Belə bir azad mühitə formalaşan partiyaların həm də dövlət tərəfindən maliyyə cəhətdən dəstəklənməsi siyasi plüralizmin bariz nümunəsidir.

-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

-Azərbaycanda siyasi plüralizmin mövcud olmasının digər bir göstəricisi ölkədə siyasi partiya və birliklərə verilən hüquqlar, onların qarşısında heç bir məhdudiyyətin tətbiq edilməməsidir. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Siyasi partiyalar və birliklərə verilən bu hüquqlar elə “Siyasi partiyalar haqqında Qanun”da da təsbit olunub. Qanunda qeyd edilir ki, siyasi partiyalar məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi – referendumlarda iştirak etmək, dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquqlarına malikdir.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Göründüyü kimi Azərbaycan müstəqil, demokratik bir respublika olaraq bütün demokratik prinsiplərə sadiqlik nümayiş etdirir, onların daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Bu siyasətin bundan sonra da davam etdiriləcəyi göz önündədir.

-Sizcə, siyasi plüralizmdən də partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Bir sıra hallarda demokratiyadan, ölkədə bu istiqamətdə yaradılan şəraitdən, verilən imkanlardan siyasi partiya və birliklər o qədər də səmərəli istifadə etmir. Əksinə yaradılan şəraitdən bəzən sui-istifadə edilir, demokratiyanın verdiyi imkanlardan tamamilə başqa məqsədlər üçün yararlanmağa cəhdlər göstərilir. Heç şübhəsiz ki, bu da qəbuledilməz bir haldır. Çünki bu kimi sui-istifadə halları bir çox hallarda dövlətçilik prinsipləri, milli maraqlara ziddiyyət təşkil edir

COP29