!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda söz və məlumat azadlığı: Dövlətin siyasi iradəsi nəyi diqtə edir? - TƏHLİL

!Reklam – Yazi

Rəfail Becanov: “Azərbaycan söz və fikir azadlığı, plüralizmin təmin olunduğu ölkə kimi qəbul edilməlidir”.

Fərid Şahbazlı: “Azərbaycanda söz və məlumat azadlığının təmin olunması üçün dövlətin ciddi siyasi iradəsi mövcuddur”.

Azərbaycan mediasının mövcud vəziyyətinə baxdıqda, mətbuatın məlumat müxtəlifliyi, müəllif və mütəxəssis rəyləri ilə zəngin olduğunu görərik. Bu isə demokratiyanın əsas şərti olan plüralizmin göstəricisidir. Xalqın siyasi inkişafında, cəmiyyətin formalaşmasında, dövlətin güclənməsində demokratiyanın əsas göstəricisi olan söz və məlumat azadlığı xüsusi rola malikdir. Ölkəmiz isə mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan və söz azadlığının qorunduğu dövlətlər arasındadır.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini bölüşən politoloq Rəfail Becanov bildirib ki, Azərbaycanı söz və fikir azadlığının, plüralizmin olduğu ölkə kimi qəbul etmək gərəkdir. Bunu belə dəyərləndirməyənlər Azərbaycana qarşı qərəzli yanaşırlar:

“Söz və fikir azadlığı, plüralizm bütün ölkələr üçün demokratiyanın əsas indikatorlarından biri sayılır. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrində həmin sahələr üzrə vəziyyət hər zaman diqqət mərkəzində olur. Bu göstəricinin monitorinqini aparmaq üçün müxtəlif təşkilatlar yaradılır, onların fəaliyyətinə böyük vəsaitlər ayrılır. O təşkilatlar da bunun monitorinqini aparır, hesabatlar hazırlayır və ayrı-ayrı ölkələrdə söz və fikir azadlığının indekslərini müəyyənləşdirilər.

Qlobal miqyasda buna xüsusi diqqət yetirilir. Təbii ki bunu söz və fikir azadlığının qorunması baxımından müsbət dəyərləndirmək lazımdır. Lakin bəzən bu hesabatlarda qərəz və ikili standartlara da rast gəlinir. O zaman bu təşkilatların nüfuzuna xələl gəlir, onların hesabatları birmənalı qəbul edilmir. Azərbaycana qarşı da bəzən haqlı, bəzən isə haqsız münasibətlərin şahidi oluruq. Söz və fikir azadlığı nə qədər geniş olarsa, yenə azdır. Ona görə də daim bununla bağlı müzakirə və mübahisələr davam edir.

Azadlıq sərhədləri bəlli olmadığı qədər də aydın olan bir düşüncədir. Azərbaycanda söz və fikir azadlığı ilə bağlı heç bir problemin olmadığını düşünmək də doğru deyil. Bütün dünyada olduğu kimi, bizdə də müəyyən çatışmazlıqların olması istisna deyil. Lakin bunu qəsd və ya basqı kimi qiymətləndirmək düzgün olmaz. Çünki mümkün qədər söz və fikir azadlığının qorunub saxlanmasına çalışılır.

Azərbaycanda söz və fikir azadlığını, plüralizmi bir neçə aspektdən dəyərləndirmək olar. Birincisi, məsələyə azad mətbuat kontekstində yanaşsaq görərik ki, ölkədə media azadlığı mövcuddur. Senzura yoxdur, sərbəst fəaliyyətə şərait yaradılıb. Eyni zamanda, qanunvericilik bazası yenilənib və müasir standartlara cavab verir. Sadəcə, mediadan peşəkarlıq, peşə etikasına və qanunun aliliyinə əməl etmək tələbi var. Bu isə media azadlığını əngəlləmir, əksinə, onun peşəkarlığının yüksəlməsinə xidmət edir.

Qərəzsizlik prinsipi pozularsa, o halda cavabdehlik və məsuliyyət yaranır. Medianın inkişafına dəyər verilən ölkələrdən biriyik. Bu mövzudan danışanda dövlətin medianın inkişafına dəstəyi xüsusilə qeyd edilməlidir. İstər çap, istər onlayn media subyektlərinə dövlət tərəfindən göstərilən yardımlar bu gün əvəzsiz olmaqla yanaşı, həm də medianın inkişafına, nəticə etibarilə, söz və fikir azadlığının qorunmasına xidmət edir.

Söz və fikir azadlığının, plüralizmin inkişafına həmçinin çoxmilyonlu sosial platformaların fəaliyyəti fonunda baxmaq lazımdır. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, bu və ya digər formada hansısa sosial platformada var. İnsanların bu platformalarda fəaliyyətinin qarşısını almaq sadəcə, mümkün deyil. Bunun üçün internet ləğv olunmalıdır. Amma internet həyatımızın tərkib hissəsidir və nəinki fikir və söz adalığı üçün, həm də müxtəlif iqtisadi, elmi proseslərin əvəzedilməz subyektidir. Deməli, söz və fikir azadlığını, plüralizmi məhdudlaşdırmaq imkansızdır.

Ona görə də Azərbaycanı söz və fikir azadlığının, plüralizmin olduğu ölkə kimi qəbul etmək gərəkdir. Bunu belə dəyərləndirməyənlər sadəcə, Azərbaycana qarşı qərəzli yanaşırlar. Təbii ki bu sahədə inkişaf davam etməlidir. Söz və fikir azdlığının, plüralizmin demokratik dəyərlərin əsas göstəricilərdən biri olmasını nəzərə alaraq, bu istiqamətdə daha çox dözümlülük göstərmək, tolerant yanaşmaq tələb olunur.

Söz və fikir azadlığı ədalətli cəmiyyətin formalaşmasına, eləcə də onun güclənməsinə də xidmət edən əsas təməl prinsiplərdəndir. Ona görə də həm rəsmi qurumlar, həm də söz və fikir azadlığının əsas atributu kimi qəbul edilən media subyektləri və orada çalışanlar bunun inkişafına öz töhfələrini verməli, əməkdaşlıq modellerini təkmilləşdirməlidirlər”.

Bu barədə Yenicag.az-a danışan media eksperti Fərid Şahbazlı isə bildirib ki, Azərbaycanda söz və məlumat azadlığının təmin olunması üçün dövlətin ciddi siyasi iradəsi mövcuddur:

“Dövlət medianın azad fəaliyyətinin təmin edilməsi, fikir plüralizminin mövcudluğu, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinin təşkil olunması üçün özünün müvafiq qurumlarının vasitəsilə kifayət qədər ciddi işlər görür. Əlbəttə, cəmiyyət varsa, müəyyən problemlər də var. Bu baxımdan, ölkəmizdə söz və mətbuat azadlığı sahəsində, ümumiyyətlə, problem olmadığını dilə gətirmək obyektivlikdən kənar olardı.

Çünki hələ də bəzi dövlət qurumlarında informasiya sorğularının cavablandırılmaması, gec cavablandırılması, yaxud məlumatların jurnalistlərdən gizlədilməsi kimi elementar hallara rast gəlinməsi mümkündür. Hətta özünü demokratiyanın beşiyi sanan ABŞ-a, Avropa ölkələrinə belə baxsaq, onlarda da bu sahədə müəyyən problemlərin mövcud olduğunu görərik. Çox uzaq olmayan keçmişdə Fransada Azərbaycanlı jurnalistin fəaliyyət zamanı hansı hallarla qarşılaşdığını özümüz də gördük.

Jurnalistika fəaliyyəti dünyada ən təhlükəli peşələrdən hesab olunur. Media cəmiyyətin güzgüsüdür. Demək olar ki, hər kəs ömründə bir dəfə də olsa, medianın imkanlarından faydalanır. Mətbuatın güclü olması dövlətin güclü olması deməkdir. Çünki 44 günlük Vətən müharibəsində mətbuatın fəaliyəttinin xüsusi əhəmiyyət kəsb etdiyini hər kəs gördü. Jurnalistlər qələmlərini süngüyə çevirərək düşmənin informasiya terroruna qarşı effektli mübarizə apardılar”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv