!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda TƏHSİL SİSTEMİ: “O qədər boşluq var ki...” - SORĞU

!Reklam – Yazi

Məlum məsələdir ki, bir ölkənin təhsil sistemi o ölkənin cəmiyyətindən və dünya görüşündən xəbər verir. Məsələn, hələ də inkişafda olan və ya “kasıb” ölkələrə baxsaq, görərik ki, orada daha çox qətl, cahillik, intihar, cinayət hadisələri və s. baş verir.

Bəs Azərbaycanda təhsil nə yerdədir? Tələbələr və müəllimlər ölkəmizin təhsil sistemindən razıdır mı?

Yenicag.az sorğunu təqdim edir:

Qərbi Kaspi Universitetinin Psixologiya fakültəsində təhsil alan Nərgiz Cəfərova təhsil sistemində ciddi boşluqlar olduğunu düşünür:

“Çalışırlar ki, kurikulum, boloniya və s. adı verərək “yenilik” yaratsınlar, amma alınmır. Müəllimlərin beyni o köhnə formaya kodlaşıb. Ona görə də dəyişən heç nə olmur. Məktəbi bitiririk, böyük ümidlərlə universitet həyatına atılırıq. Lakin orada da görürük ki, böyük dəyişikliklər, ciddi təhsil sistemi yoxdur. Çünki çatışmazlıqlar var. Heç kəs də oturub fikirləşmir ki, çatmayan nədir? Universitetlərdə də, məktəblərdə də müəllimlər gəlir, dərsini keçir və gedir”.

Hal-hazırda təhsilini Polşada davam etdirən  Bakı Dövlət Universitetinin məzunu Ayşən Ağazadə Azərbaycan təhsilindən narazı olduğunu bildirib:

“Dövlət universitetlərində “Təhsil” sözünün “t” hərfi belə yoxdur. Təhsil yaxşı olan universitetlərdə də oxumağa dəyər 2-3 fakültə var. Ölkədə tələbələr üçün iş yerləri də yoxdur ki, ən azından həm oxuya, həm də işləyə biləsən. Polşada tələbələr üçün şərait qurulub. Təhsil aldığın dövrdə karyera qurub pul qazanmaq mümkündür”.

Bakı Dövlət Universitetində jurnalistika təhsili alan Lətif İsmayılovun təhsilimiz barədə “ürəyi dolu”dur:

“Ümumiyyətlə, Azərbaycandakı təhsil sistemi xarici təcrübələrdən bəhrələnə bilmir. Xaricdəki boloniya sistemi Azərbaycandakı boloniya sistemi ilə heç də uyğunlaşmır. Məsələn, Avropadakı boloniya sistemi qayıb limiti, alt qrup və s. kimi məhdudiyyətlərlə tələbələri sıxmır. Azərbaycanda gənclərin çoxu təhsil almaq üçün digər ölkələrə üz tutur, bitirdikdən sonra da orada yaşayır. Bu da təhsilimizdəki boşluqların bariz nümunəsidir. Düşünürəm ki, struktur dəyişməlidir. Aydın məsələdir ki, biz də xaricdən nümunə götürmək istəyirik. Amma bunu da düzgün şəkildə etmək lazımdır”.

Sumqayıt Dövlət Universitetinin tələbəsi Nərminə Nəbili qeyd edib ki, ilk növbədə müəllimlər peşəkar olmalıdır:

“Hər bir təhsil qurumunda peşəkar müəllimlər var. Amma işini layiqiylə yerinə gətirə bilməyən təhsil işçiləri tələbələr üçün böyük problemdir. Bundan əlavə, ölkəmizin ən böyük problemi odur ki, diplomu olanların çoxu işsiz qalır. Lakin ümumi təhsilə nəzər yetirsək, həm yaxşı, həm də pis təhsil ocaqları var”.

Daha bir jurnalistika tələbəsi olan Zeynəb Müzəffər bildirib ki, ali təhsil ocaqları tələbələri nəzərə almır:

“Nəzəri dərslər çox tədris edilir. Sırf jurnalistika ixtisasından danışsaq, jurnalist olmağı planlaşdıran birinə nəzəriyyədən çox praktika lazımdır. Praktiki dərslər tədris edilməlidir. Bir jurnalistika tələbəsi ilk dəfə televiziyaya gedəndə niyə bir qıraqda durmalıdır? Televiziyaya aid nəzəri fənlər tədris olunur. Amma o fənlərin sırf tədrisi heç kəsə lazım deyil. Praktika mütləqdir. IV kursda oxumasına baxmayaraq stand-up, kadr arxası mətn, reportajın nə olduğunu bilməyən tələbələr var. Niyə? Hər şey əyani şəkildə izah edilsə, tələbə dərsdən qaçmaz”.

Məsələ ilə bağlı bir təhsil işçisi kimi öz mövqeyini bildirən Bakı Dövlət Universitetinin müəllimi Vəfa Aslan vurğulayıb ki, təhsil idarələrində yüksək bilik və bacarıqlara malik kadrlar var:

“Buna baxmayaraq, təhsildə bir sıra boşluqlar var. Məncə, əsas çatışmayan cəhətlərdən biri biliyin düzgün qiymətləndirilməməsidir. İmtahanlar çox standart qaydada keçirilir. Bütün sahələrlə bağlı suallar ya yazılı, ya da test formatında tətbiq edilir. Bu belə olmalı deyil. Müəllimlər tələbənin o fənn ilə bağlı bilik və bacarıqlarını müəyyənləşdirməli, ona uyğun olaraq da qiymətləndirməlidir.

Digər çatışmayan cəhətlərdən biri araşdırmağa meylin olmamasıdır. Bu həm müəllimlərdə, həm tələbələrdə, həm də şagirdlərdə baş verən prosesdir. Hətta bu problemin əsas mənbəyi məktəblərdən başlayır. Məktəblər şagirdlərin tənqidi təfəkkürünün formalaşmasında iştirak etmirlər. Müəllimlərdə də vəziyyət eynidir. Əvvəlcədən hazırlanmış proqram üzərindən dərs keçirlər. Tələbələr də öz üzərində çalışmır. Əlavə araşdırma etmirlər.

Mənfi cəhətlərdən biri də rəqəmsallaşmanın zəif olmasıdır. Həm orta məktəblərdə, həm də universitetlərdə dərsliklər, jurnallar və kitabxanalar rəqəmsal sistemə keçməkdə çətinlik çəkir. Təbii ki, bu bütün universitetlərə aid deyil. Təəssüflər olsun ki, hələ də kağız jurnallardan istifadə edilir. Təhsil sistemində həm öyrənənlər, həm də öyrədənlərin texniki bilikləri qənaətbəxş deyil”.

Şahanə Paşa

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv