!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda təkmilləşdirilən hüquqi dövlət MODELİ: Vətəndaş cəmiyyəti niyə inkişaf etdirilməlidir? - TƏHLİL

!Reklam – Yazi

Vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları həyata keçir.

Əksər ekspertlərin fikrincə, demokratiyanın dayanıqlı olması üçün vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Belə ki, hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Vətəndaş cəmiyyəti anlayışı sadəcə olaraq vətəndaş və cəmiyyət terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Yəni vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır. Başqa sözlə, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur.

heyder

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə geniş sahədə köklü islahatlar aparılmağa başlandı. Ulu öndərin rəhbərliyi fonunda 1995-ci ildə referendum yolu ilə ilk milli Konstitusiyamızın qəbul edilməsi məhkəmə-hüquq islahatının əsas mərhələsinin başlanğıcı oldu. Konstitusiyanın qəbulu Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini formalaşdırdı. Konstitusiyada insan amili daha çox önə çəkilib və Əsas Qanunumuzdakı müddəaların üçdə biri məhz insan hüquq və azadlıqlarına həsr olunub. Konstitusiyamıza görə, Azərbaycan Respublikası hüquqi dövlətdir və onun əsas məqsədi şəxsiyyətin hərtərəfli inkşafına imkan yaratmaqdan, onun hüquq və azadlıqlarını real olaraq təmin etməkdən, insan hüquq və azadlıqlarını tanımaq və müdafiə etməkdən ibarətdir.

Konstitusiyada qeyd edilir ki, hüquqi dövlətdə hakimiyyət istisnasız olaraq qanuna əsaslanır, qanunla məhdudlaşır və qanun vasitəsi ilə həyata keçirilir. Hüquqi dövlət qanunla bağlı olan dövlətdir və qanuna tabedir. Digər bir müddəaya əsasən, Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək, onları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmçinin dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bundan başqa, şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti prinsipi müəyyənləşdirilir. Konstitusiya və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə, yaxud da vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Qeyd edək ki, Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş SSRİ-dən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub, islahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilib.

Azərbaycan İslam ölkələri arasında ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşüb, 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.

Ölkədə aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri Azərbaycanın bütün regionlarını əhatə etməkdədir. Ölkədə inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir inkişafı və keçirilən islahatların məntiqi davamı kimi, Konstitusiya islahatlarının aparılmasından doğan zərurət hər zaman vaxtında qiymətləndirilib. Məhz bu zərurətdən irəli gələrək, 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilib. İlham Əliyevin davam edən hakimiyyəti dövründə ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alaraq insan hüquq və azadlıqlarının təminatı sistemini təkmilləşdirir, tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsasları möhkəmləndirir və vətəndaş cəmiyyətinin dayaqlarını gücləndirir.

Buna görə də hər bir vətəndaş dövlətlə sıx əlaqədə olmaqla, müəyyən edilmiş hüquq və vəzifələrini, mənsub olduğu dövlətin bu gününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha düzgün dərk edir. Son illərdə dövlət başçısının məhkəmə-hüquq islahatları çərçivəsində xüsusi diqqət yetirdiyi istiqamətlər ölkədə hüquq siyasətinin liberallaşdırılması, cəzanın humanistləşdirilməsi, cəzadan azadetmə institutunun geniş tətbiqi sahələridir. Dövlət başçısının 2017-ci il 10 fevral tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prossessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam bu sahədə prinsipial addım olub. Prezidentin proqram xarakterli bu Sərəncamı dövlətin hüquq və qanunvericilik sisteminin daha müasir müstəvidə inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla, bu sahədə strateji hədəfləri müəyyən edərək həmin istiqamətdə görüləcək işlər üçün “yol xəritəsi” olub.

Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarını sona qədər davam etdirmək niyyətində olduğunu 3 aprel 2019-cu il tarixdə imzaladığı mühüm Fərman bir daha təsdiq edib. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman mahiyyət, məzmun və bütövlükdə fəaliyyətlərin miqyası baxımından, çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir. Azərbaycan hazırda prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Unutmaq olmaz ki, insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi üçün azad və ədalətli seçkilərin keçirilməsi, demokratik dəyərlərin qorunması sahəsində qanunvericilik sistemi daim təkmilləşdirilməlidir. Çünki hüquqi dövlət quruculuğu davamlı prosesdir. Ümummilli lider Heydər Əliyev vurğulayıb ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv