!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda texnoloji UYĞUNLAŞMA: Rəqəmsal iqtisadiyyat quruculuğunda hansı maneələr aşılmalıdır? - TƏHLİL

!Reklam – Yazi

Yaşadığımız müasir dövrdə elektron xidmətlər ictimai həyatın bütün sahələrində əvəzsiz rola malikdir.

Bu fonda XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini, bu tendensiyanın davamlı olduğunu mütləq qeyd etməliyik. Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti tamamilə əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır.

Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra mühüm addımlar atıb. 2003-cü ildə Ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycanın İKT-nin inkişafına özünün əsas prioritetlərindən biri kimi yanaşdığını göstərir.

Son illər ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə yol açır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirməkşəffaflaşdırmaqdır.

Doğrudur, hazırda əksər dövlət qurumları müxtəlif elektron xidmətlər təklif etsələr də, əhaliyə xidmət modeli üzərində təkmilləşdirilməsinə ehtiyac olan sahələr də az deyil. Bu gün ölkəmizdə bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən fəaliyyət göstərir. Bu amili nəzərə alaraq prezident İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” vacib Fərman imzalayıb. Bu Fərman elektron hökumətin yaradılması üzrə işlərin surətləndirilməsində mühüm rol oynayıb. Çünki mövcud vəziyyətdə sosial təminat sahəsində aparılan geniş islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, sosial ödənişlərin təyinatında proaktiv xidmətlərin tətbiqi təcrübəsinin genişləndirilməsi vacibdir.

Dövlət qurumlarının xidmətlərinin elektronlaşması ilə bağlı ölkədəki mövcud vəziyyəti dəyərləndirən İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, bu sahədə müşahidə olunan gedişatı müsbət qiymətləndirmək olar. Xüsusilə son 2 ili əhatə edən pandemiya dövründə vətəndaşlar tərəfindən elektron hökumət portallarına tələbatın yetərincə artdığı vurğulanmalıdır:

“Tələbatın artması həmin portallara ziyarətçi sayının çoxalmasına gətirib çıxarır. Bu səbəbdən, dövlət qurumları elektron xidmətlərin təhlükəsizliyinə daha çox diqqət etməlidirlər. Burada əsas prinsip informasiya təhlükəsizliyinin qorunması və vətəndaşların həmin portallara maneəsiz daxil olmalarının təmin edilməsidir. Bununla əlaqədar İT İnfrastrukturun genişləndirilməsi, qiymətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi çox vacibdir.

Ancaq, təəssüf ki, bir çox dövlət qurumları təhlükəsizlik prinsiplərinə lazımi diqqət yetirmirlər və həmin sistemlərin kibercinayətkarlar tərəfindən ələ keçirilməsi risklərini nəzərə almırlar. Burada əsas risk vətəndaşların fərdi məlumatlarıdır. Vətəndaşların fərdi məlumatlarının qorunması üçün informasiya sistemlərinin gündəlik monitorinqi aparılmalıdır. İnsident baş verərsə, onun dərhal müəyyən edilməsi və aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Buna görə də risklər qiymətləndirilməli, müəyyən qaydalar, prosedurlar və normativlər hazırlanmalıdır”.

Vətəndaşlar arasında informasiya təhlükəsizliyi ilə əlaqədar maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini önə çəkən ekspertin fikrincə, risklərin azaldılması baxımından bu addımlar effektli sayıla bilər. Asif Rzayev hesab edir ki, pandemiya dövründə çox insan məsafədən işlədiyi üçün İnformasiya Texnologiyalarının inkişafının nə qədər vacib məsələ olduğunu hər kəs birmənalı qəbul edir:

“Elekton xidmətlərdən istifadə ilə əlaqəli müəyyən təlimatlar dövlət qurumları tərəfindən hazırlanıb. Lakin ümumi təhlükəsizlik qaydaları barədə kiçik təlimatların hazırlanması yarana biləcək riskləri azaldacaq. Həmçinin sosial şəbəkələr və televiziya vasitəsilə vətəndaşlarımızın maarifləndirilməsi də diqqət yetirilməli məsələdir. Ümumilikdə elektronlaşma ilə əlaqəli çox faydalı işlər həyata keçirilir. İstər dövlət qurumları, istərdə də özəl təşkilatlar İT-nin inkişafı üçün təkmilləşdirmə istiqamətində zəruri tədbirlər görməkdədirlər. Azərbaycanın rəqəmsal texnologiyaya uyğunlaşma əmsalı əvvəlki illərə nisbətən bu gün daha yüksəkdir. Amma gələcəkdə qeyd etdiyim müəyyən problemlərin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi mütləqdir. Dövlət qurumları və özəl təşkilatların öz sistemlərinin kiberhücumlardan qoruması və sistemlərinin daim əlçatan olması üçün ən son texnologiyalardan istifadə etmələri daha münasib olardı”.

Yekunda onu qeyd etmək lazımdır ki, ölkəmizdə rəqəmsallaşma və elektron xidmətlərdə ciddi nailiyyətlərin əldə olunduğunu söyləmək üçün kifayət qədər əsas var. Davam etdirilən islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Bu sahədə əsas prinsiplərdən biri də istər daxili, istərsə də beynəlxalq səviyyədə informasiyaların təhlükəsizliyinin təmin edilməsi və qorunmasıdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv