!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda Türkiyədəki siyasi proseslərə marağın bu qədər böyük olması...” – RƏY

!Reklam – Yazi

“Xüsusilə seçkilər zamanı müşahidə olunan aktivlik diqqəti çox cəlb edir və bu da təbii qarşılanmalıdır”.

Bu fikirləri Azərbaycan mediası ilə sosial şəbəkələrin yerli seqmentində Türkiyədə cərəyan edən siyasi proseslərə yönəlik həssaslığın bəzən tənqid olunmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qardaş ölkədə baş verən müxtəlif yönlü hadisələrə marağın yüksək olması təbii qarşılanmalıdır:

“İlk öncə onu nəzərə alaq ki, Azərbaycan və Türkiyə çoxdan bir millət, iki dövlət kimi assosiasiya olunur. Ona görə də qardaş ölkədə yaşanan proseslərə bu və ya digər səviyyədə həssaslıqla yanaşılır.

Türkiyənin regionda və dünyada nüfuzunun artması həm də Azərbaycanın imkanlarının artması deməkdir. Bu baxımdan, 44 günlük müharibədə böyük zəfərin qazanılmasında həm də Türkiyənin mənəvi-siyasi dəstəyinin mühüm rol oynadığını vurğulamaq lazım gəlir.

Digər tərəfdən, Türkiyənin ictimai-siyasi, iqtisadi, mədəni həyatı o qədər dinamikdir ki, orada gedən proseslərə istər-istəməz maraq yaranır. Xüsusilə seçkilər zamanı müşahidə olunan aktivlik diqqəti çox cəlb edir və bu da təbii qarşılanmalıdır.

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə Azərbaycanda da xüsusi yanaşma var. Çünki seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətlərinə, eləcə də Türkiyənin özünün gələcəyinə həlledici təsirinin olacağı gözlənilir. Ona görə də maraq çox böyükdür və bunu sosial şəbəkələrdə də açıq görə bilirik.

Düzdür, sosial şəbəkələrin Azərbaycan seqmentində Türkiyə seçkiləri ilə bağlı gedən müzakirələrdə hərdən etik çərçivələrin keçildiyi və aqressiv yanaşmaların olduğu da görülür. Bunlar arzuedilməz hallar olsa da, insanların marağını və mövqe bildirmək istəyini başa düşmək lazımdır. Yəqin ki bu tip müzakirələrdə ifadə seçimləri də tədricən normallaşar”.

A.Zeynalov

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv