!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda UKRAYNA RÜZGARI: Xalq öz müttəfiqini çoxdan seçib - Araz Zeynalov yazır

!Reklam – Yazi

Artıq 5-ci gündür, dünya gündəminin əsas mövzusu Rusiyanın Ukraynaya hərbi təcavüzü, bu avantüranın ən azı “köhnə dünya” üçün yaratdığı yeni risklərdir.

Bəli, əksəriyyətin də proqnozlaşdırdığı kimi, Rusiya Ulrayna ilə sərhədə cəmləşdirdiyi az qala, 200 minlik hərbi kontingentini Ukraynaya yeritdi. Amma bu çərçivədə gözlənilməz olan tək məqam Ukrayna Ordusu ilə xalqının ölkəni Rusiya üçün çıxılmaz bataqlığa çevirmələridir.

Rusiya dünya ordularının reytinqində ABŞ-dən sonra 2-ci mövqedə qərarlaşan nüvə dövlətidir. Hərbi arsenalı Qərblə müqayisədə texnoloji baxımdan nə qədər geri qalsa da, yetərincə dağıdıcı gücə malik silah sistemlərinə sahibdir. Ona görə də, sözügedən hərbi təcavüzdən əvvəl “Ukraynanın Rusiya ilə müharibədə şansı yoxdur” kimi yanaşmalar çox real görünürdü.

Amma müdaxilənin 5-ci günündə savaş teatrında tam fərqli mənzərədir. Rus hərbçiləri ilə texnikanın hərəkətinə mane olmayan ukraynalılar qəfil və sarsıdıcı zərbələrlə işğalçı ordunun dəngəsini tamamilə pozub. Böyük şəhərlərə çox rahatlıqla yaxınlaşan, hətta məntəqəyə maneəsiz daxil olan ruslar o an hansı “cəhənnəm”ə düşdüklərini fərq etmirlər. Nəticədə burunları ovularaq, geri oturdulurlar.

Yayılan savaş xəbərləri Rusiya kontingenti daxilində idarəetmənin pozulduğunu, əsgərlər arasında dərin ruh düşkünlüyünün yarandığını göstərir. Təsəvvür edin, konkret ərazini tutmaq üçün döyüş tapşırığı verilən Rusiya bölmələri getdikləri məntəqələrdə azaraq çaş-baş qalırlar. Nə edəcəklərini bilməyərək, heş olmasa, sağ qalmaq üçün ətrafdakı meşələrə qaçırlar.

İtkilərə və onların ictimailəşməsinə gəldikdə, Ukrayna bu məsələdə də Rusiyaya dərs keçir. Ekspansiya aksiyası başladığı saatdan etibarən media və sosial şəbəkələrə sərt senzura tətbiq edən Rusiya müharibə məlumatlarını çoxqatlı süzgəcdən keçirir. Aydındır ki, bu halda həmin məlumatların məzmunu son dərəcə “ruhlandırıcı” olur. Ukrayna isə əksinə, hər bir əsgər, texnika və yaşayış məntəqəsi haqqında məlumatı operativliklə açıqlayır. Ali Baş Komandan funksiyasını inanılmaz ustalıqla həyata keçirən president Vladimir Zelenski isə xalqın gerçək qəhrəmanına çevrilib.

Dünya dövlətlərinin bu savaşa münasibəti birmənalıdır: mütləq əksəriyyət Ukraynaya hərbi təcavüz edən Rusiyanı lənətləyir. Kremli dəstəkləyənlərin sırası isə Lukaşenko, Əsəd və Maduro tipli adamlarla məhdudlaşır. Əlbəttə, bizə maraqlı olan Azərbaycanda bu savaşın doğurduğu reaksiyadır.

Azərbaycanlıların Rusiya-Ukrayna savaşında hansı səfdə dayandıqlarını görmək üçün sorğu keçirmək yox, sosial şəbəkələrə nəzər yetirmək kifayətdir. Sosial statusundan asılı olmayaraq, azərbaycanlı istifadəçilərin mütləq əksəriyyəti bu savaşda təcavüzə məruz qalan Ukraynanın tərəfindədir. Həmçinin Azərbaycan dövləti də savaş tərəflərindən hansına rəğbət bəslədiyini gizlətmir. Ukraynada təcili yardım və yanğınsöndürən maşınlara pulsuz yanacaq verilməsindən sonra Azərbaycan dost ölkəyə 5 milyon avroluq humanitar yardım göndərib. Ukrayna səfirliyinin qarşısında dünən keçirilmiş izdihamlı dəstək aksiyası da milli iradənin təzahürüdür.

Niyə Ukrayna? Nə adına, nə də başqa bir cəhətinə görə deyil, məhz haqlı olduğuna görə…

www.yenicag.az

1274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv