Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla həyata keçirilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı dekabrın 4-də keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat barədə danışıblar.
Bildirilib ki, M.Kazıminin apardığı müayinə nəticəsində 5 yaşlı pasiyentdə hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət əvvəl pasiyentə həmin diaqnoz Türkiyənin Hacəttəpə Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də qoyulub. Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir. Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşadək yaşayırlar. Adətən belə xəstəliyi olar uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.
Pasiyentin valideynlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi donor olub. Əməliyyatdan öncə pasiyentin ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizədək darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda, qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlanıb.
Hospitalın ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat – koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alınıb.