2019-cu ilin 5 dekabrında Azərbaycan Prezidenti İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.
Bu sahədə pilot layihələrin həyata keçirilməsini əlaqələndirən xüsusi komissiya dövlət başçısına layihələrin icrası üçün torpaq sahələrinin ayrılması ilə bağlı təkliflərini təqdim etməli, bu cür layihələrə investisiya qoymaq istəyən investorlara dövlət zəmanətləri barədə təkliflər hazırlamalı və müqavilələr üzrə investorlar qarşısında dövlət zəmanətlərinin icrası tədbirlərini müəyyənləşdirməlidir.
Beləliklə, qeyd etmək olar ki, ötən ilin sonunda ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.
Qısaca ixrac barədə. Yalnız 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan 1.743 milyard kilovatt/saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan elektrik enerjisinin dəyəri 76 milyon dollardan artıq olub.
Bu müddət ərzində yalnız Gürcüstana 904 milyon kilovatt/saat elektrik enerjisi ixrac etmişik.
Beləliklə, Gürcüstanın elektrik enerjisi təchizatı sisteminin kommersiya operatorunun məlumatına əsasən, bu ölkənin xaricdən aldığı 1.416 milyard kilovatt/saat elektrik enerjisinin, demək olar ki, 64 faizi Azərbaycanın payına düşüb.
Bundan əlavə, yanvar-noyabr aylarında Gürcüstan Azərbaycan Türkiyəyə 117 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzitini həyata keçirib.
Həqiqətən, bu günlərdə, bu ilin 12-13 dekabr tarixlərində Azərbaycan-Gürcüstan sərhədində hər iki ölkənin enerji sistemi üçün əhəmiyyətli bir layihə reallaşdırıldı:
“Gürcüstan Dövlət Elektrik Sistemi” və “Azərenerji” səhmdar cəmiyyətlərinin rəhbərləri tərəfindən 18 dekabr 2018-ci il tarixində imzalanmış memoranduma uyğun olaraq iki ölkənin enerji sistemləri optik kabelə qoşulub. Bu əlaqə real vaxt rejimində elektrik enerjisinin idxalı və ixracının izlənilməsinə imkan verir.
Proses texniki cəhətdən mürəkkəbdir və buna görə də təfərrüata varmadan, sadəcə, sistemin hər iki ölkənin enerji sistemləri arasında məlumat mübadiləsini yaxşılaşdırdığını, SCADA məlumatlarının ötürülməsində, rele müdafiəsinin və qəza əleyhinə tədbirlərin güclənməsində əhəmiyyətli rol oynadığını bildirək.
Beləliklə, Azərbaycandan Avropaya elektrik enerjisinin ixracı məsələsi heç də fantastik deyil. Əgər elektrik enerjisi istehsalının artırılması siyasətini düzgün qursaq, o zaman biz gələcəkdə ölkələrin bir çoxunun nüvə, kömür və yanacaq enerjisindən imtina etdiyi və alternativ enerjinin inkişafına diqqət yetirməyə yönəlməyə hazırlaşdığı Avrozonaya da real elektrik enerjisi ixracatçısı ola bilərik.
Bəs təkcə elektrik enerjisi ixracatçısı olmaq üçün deyil, həmçinin, bu qeyri-maddi məhsulun bütün Avropa məkanında ən böyük istehsalçısı və satıcısı olmaq üçün yalnız təsvir etdiyimiz bu tədbirlər kifayətdirmi? Çox iddialıdır? Əgər dünyada enerji resursları uğrunda bu cür şiddətli mübarizə gedirsə, niyə də yox? Üstəlik, bu gün Azərbaycan elektrik enerjisi sahəsində qarşısına məhz bu cür miqyaslı hədəfləri qoyur. Sözügedən fikirlər yaxın günlərdə baş tutan Prezident İlham Əliyevin “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevi qəbulu zamanı səsləndirilib.
Əvvəla, bu ötən il 400 meqavatt gücündə olan “Şimal-2” elektrik stansiyasının – Cənubi Qafqazda yük rejimindən asılı olaraq cəmi 214-216 qram şərti yanacaq sərf edən yeganə sərfəli yarımstansiyanın istifadəyə verilməsidir. Yəni onun faydalı iş əmsalı 57,4 faizdir.
Həmçinin, ötən il “Azərbaycan” İstilik Elektrik Stansiyasında təmir-bərpa işləri təmin edildi, burada beş blokda yenidənqurma işləri tamamlandı və 500 kilovoltluq açıq paylayıcı qurğu yenidən quruldu. Gələcəkdə 330 kilovoltluq paylayıcı qurğudakı işlərin başa çatdırılması bu obyekti mümkün qəzalardan tamamilə qoruyacaq.
Quraşdırma nəticəsində 200 meqavat elektrik enerjisi potensialı bərpa edilib və gələcəkdə şəbəkəyə 400 meqavatt və hətta daha çox elektrik enerjisinin veriləcəyi gözlənilir. O zaman Bakıda yerləşən “Şimal-2” stansiyası ilə birlikdə enerji istehsalı potensialını ölkə daxilində daha bərabər paylamaq mümkün olacaq.
Həmçinin, 50 meqavatt gücündəki “Yaşma” Külək Elektrik Stansiyası da tam gücü ilə işləyir. Burada ötən il enerji istehsalı 80 milyon kilovat saata çatdırılıb. Bu isə ildə 13-14 milyon kubmetr qaza qənaət etmək anlamına gəlir. Növbədə gələcəkdə 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının inşası dayanır.
Burada yuxarıda qoyulan sualı bir qədər fərqli kontekstdə təkrarlamaq istərdik: elektroenergetika sahəsində bu qədər irimiqyaslı layihələr həyata keçirərkən hansısa vacib detalları gözdən qaçırmırıq?
Yalnız dövlət obyektlərində istehsala əsaslanan mərkəzləşmiş elektrik enerjisi təchizatı gələcəkdə sözügedən sahədə hələ Avropa ölkələrinə elektrik enerjisinin verilməsini belə nəzərə almadan Azərbaycanın Cənubi Qafqazda hegemonluğunu təmin etməyə qadirdirmi? Bəlkə, gələcək elektrik enerjisi istehsalının alternativ sahəyə passiv köçürülməsində deyil, ev təsərrüfatlarının bu enerjinin istehsalına çıxışındadır?
Fikri izah edək. Ölkənin elektrik enerjisi təchizatı sisteminin mərkəzləşdirilməsi – keçmiş SSRİ-dən miras qalmış prinsip adı altında, bu vəziyyətdə elektrik enerjisi istehsalının yalnız dövlət tərəfindən olmasını anlamaq gərəkdir. Söhbətin yanacaq, hidro, günəş və ya külək elektrik stansiyalarından gedib-getməməsinin önəmi yoxdur. Hətta tikintisi sadəcə planlaşdırılan “Şurabad” Külək Elektrik Stansiyası halında belə, Azərbaycan Energetika Nazirliyinin şəxsində dövlət özü bu sahədə təcrübəsi olan xarici investorların cəlb edilməsi ilə məşğul olur.
Sözsüz ki, bu, belə də olmalıdır, çünki söhbət 400-500 meqavatt elektrik enerjisi istehsalı gücünə malik böyük obyektlərin inşasından gedir. Beləliklə, Azərbaycanda bütün bu güc dövlətə aiddir və dövlət tərəfindən də idarə olunur. Xeyr, bu obyektlərin özəlləşdirilməsinin mümkünlüyü barədə danışmırıq. Əksinə, dövlət təhlükəsizliyi strategiyası baxımından, onların dövlətin özü tərəfindən idarə olunması düzgündür.
Bununla yanaşı, Azərbaycan bu sahədə daha bir nəhəng potensiala malikdir ki, bu potensialın uğurla istifadəyə verilməsi halında ölkədə elektrik enerjisi istehsalını nəinki dəstəkləyəcək və gücləndirəcək, eyni zamanda, gələcəkdə bu sahədə aparıcı rol oynaya biləcək. Burada alternativ enerji (qurğular, məsələn, evlərin damlarında günəş panelləri və ya həyətlərində külək turbinləri) əsasında elektrik şəbəkəsinə qoşula biləcək və yalnız istehlak yükünü azaltmaqla qalmayıb, eyni zamanda, mərkəzləşmiş şəbəkəni artıq enerji ilə təmin edə biləcək ev təsərrüfatları və sosial təyinatlı obyektlər nəzərdə tutulur.
Yeri gəlmişkən, Rusiyada bu prinsip uğurla vüsət alır. Stavropol vilayətinin rəhbərliyi bölgədəki sosial qurumların alternativ elektrik enerjisinə keçməsi layihəsinin reallaşdırılması ilə bağlı potensial investorlarla danışıqlar aparır. Cəlb olunan xarici şirkətlərə vilayətin ucqar bölgələrindəki ərazilərdə yerləşən kənd təsərrüfatı və sənaye müəssisələrini günəş batareyaları ilə təchiz etmək təklif olunub.
Həmçinin, Ulyanovsk vilayətində də bələdiyyə rəhbərlərinə alternativ enerji istehsal etmək üçün günəş panellərinin quraşdırıla biləcəyi qurumların siyahısını tərtib etmək tapşırılıb. Yerli mütəxəssislərin hesablamalarına görə, elektrik enerjisinin müstəqil generasiyası xəstəxana binalarının baza kompleksinin ehtiyaclarının 75 faizini bağlamağa imkan verir. Təşəbbüslər isə hələ 2018-ci ildə Rusiya hökumətinin bu məsələni ayrıca bir qanunla tənzimləməyi təklif etdiyi zaman start verildi.
“Yaşıl” enerji kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq oluna bilər. Bəli, bunun üçün bütün bir sıra hazırlıq işləri aparmaq lazımdır, məsələn, ev təsərrüfatlarının elektrik şəbəkələrinə texniki qoşulma xüsusiyyətlərini müəyyənləşdirmək, istifadə olunmamış enerjini satma mexanizmini inkişaf etdirmək və kommersiya uçotunu aparmaq lazımdır.
Bəli, bunun üçün kompleks hazırlıq işləri aparmaq, məsələn, ev təsərrüfatlarının elektrik şəbəkələrinə texniki qoşulmasının xüsusiyyətlərini müəyyənləşdirmək, istifadə olunmamış artıq enerjini satma mexanizmini təkmilləşdirmək və kommersiya uçotunu aparmaq lazımdır. Bununla yanaşı, hər bir evin, yaşayış kompleksinin və ya sosial obyektin istehsal həcminə əlavə edə biləcəyi elektrik enerjisinin mümkün maksimum həcmini hesablamaq vacibdir.
Kiçik obyektlərin mərkəzləşdirilmiş şəbəkənin generasiyasına qoşulması enerji sisteminin təhlükəsizliyini təhdid etmir, daha böyük, o cümlədən, alternativ enerji mənbələrinin qoşulması isə şəbəkənin kəsilməsinə və qurğuların yanmasına gətirib çıxara bilər.
Beləliklə, dünyada elektrik sistemlərinin bir-biri ilə inteqrasiyası mexanizmləri yalnız uzun müddətdir və uğurla fəaliyyət göstərmir, hətta enerji sistemlərinin idarə edilməsini optimallaşdırmaq və vəziyyətləri haqqında saatlıq əsasla məlumat almaq üçün daha ciddi sistemlərin hazırlanması aparılır.
Qeyd edək ki, bu günlərdə belə bir təşəbbüslə “Microsoft”la bənzər rəqəmsal məhsulun hazırlanması üçün birləşən İsveçin “Vattenfall” energetika şirkəti çıxış edib. İstehlakçılara təqdim edəcəkləri yeni platforma bərpaolunan enerjinin istehsalı və istehlakının dinamikasını dəyişdirmək imkanı yaradacaq və enerji tələbatını alternativ mənbələrdən 100 faiz təmin edəcək.
Öz növbəsində Almaniyanın “Kaiserwetter Energy Asset Management” şirkəti də alternativ enerji mənbələri ilə işləmək və bərpa olunan enerjiyə keçid prosesindəki enerji sistemləri haqqında informasiyanın təqdim olunması üçün nəzərdə tutulan bulud servisləri əsasında yeni platformanın uğurla istifadəyə verildiyini elan edib.
“Aristoteles Sky” adlı bu platforma əşyaların internetinin (İoT) sensor sisteminin köməyilə toplanan və geolokasiyaların hər biri üçün məkan məlumatları ilə tamamlanan enerji istehsalı məlumatlarından istifadə edir və elektrik enerjisinin tələbatı və təklifi arasında optimal uyğunluğu təmin etməyə imkan verir.
Nəhayət, beynəlxalq enerji şirkəti olan “Enel” bərpaolunan enerji sahəsində modernizasiya proqramını elan etdi. Təşəbbüs çərçivəsində şirkət rəqəmsal transformasiya və ağıllı enerji şəbəkələrin avtomatlaşdırılması ilə bağlı vəzifələrin həlli üçün 13 milyard dollardan çox vəsait ayıracaq.
Razılaşın ki, bu proseslər “Azərenerji” QSC və “Gürcüstan Dövlət Elektrik Sistemi” Səhmdar Cəmiyyəti tərəfindən iki ölkənin enerji sistemlərinin optik kabelə qoşulması zamanı tətbiq olunan inteqrasiya sistemindən bir qədər daha mürəkkəbdir. İdxal və ixrac prosesini real vaxt rejimində izləmək bir şeydir, bir çox kiçik istifadəçi-istehsalçıdan gələn elektrik enerjisinin daimi qabarması və axını ilə əlaqədar şəbəkə həcmindəki hər hansı bir dalğalanmanı nəzərə almaq başqa bir şeydir.
Ona görə də bu cür sistem əsasında “yaşıl” enerjinin Azərbaycan üçün nə dərəcədə faydalı ola biləcəyini təsəvvür etmək çətin deyil. Çünki əhalinin böyük hissəsi kənd yerlərində yaşayır və istehlak olunan enerjinin 50-60 faizi ilə özünü təmin edə bilər. Biz hələ daimi küləkləri və külək enerjisində nəhəng potensialı olan Bakı və Abşeron barədə heç danışmırıq.