Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər.
Yenicag.az xəbər verir ki, unu Trend-ə Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.
Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır:
“Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.
İşçi qrupunun rəhbəri əlavə edib ki, Almaniya informasiya-kommunikasya texnologiyaları sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır:
“Gələn ilin əvvəlində biz Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşəcəyik. Bu gün Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılıdır və İKT sektoru iqtisadiyyatın şaxələndirilməsi prosesinə mühüm töhfə verə bilər”.
Qeyd edək ki, Almaniya tərəfi ilə danışıqlar “ASAN viza 2” konsepsiyası çərçivəsində aparılır. Bu, Azərbaycan vətəndaşlarına xarici ölkələrə getmək üçün viza verilməsinin “ASAN viza” platforması vasitəsilə sadələşdirilməsini nəzərdə tutur.