“Həmin QHT-lər heç Aprel döyüşləri zamanı bu qədər canfəşanlıq etmirdilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi QHT rəhbərlərinin Türkiyənin Suriyada həyata keçirdiyi “Barış pınarı” əməliyyatına qatılmaq təşəbbüsünə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazovun sözlərinə görə, oxşar “vətənpərvərlik duyğuları” “Fırat qalxanı” və “Zeytun dalı” əməliyyatları zamanı da qabarırdı:
“Yadınızdadırsa, bəzilərinin sorağı Afrindən gəldi ki, guya oradadılar. Bunlar bir həqiqəti başa düşmək istəmirlər ki, bir ölkənin başqa dövlətin ərazisində keçirdiyi əməliyyata üçüncü ölkənin vətəndaşlarının qatılması beynəlxalq hüquqla qadağandır.
Türkiyə ordususu Suriyada növbəti əməliyyat başlayıb və uğurla irəliləyir. Bu vəziyyətdə başqa bir ölkənin hərbi mükəlləfiyyətli vətəndaşının orada leqal iştirakı mümkünsüzdür. Bunu birdəfəlik dərk etəmliyik.
Bəzən sual verirlər ki, Azərbaycanın bu əməliyyatda Türkiyəyə hərbi dəstək verməsi nə dərəcədə realdır? Cavab birmənalıdır: real deyil. Çünki Türkiyə Suriya ilə müharibə etmir, onun ərazisində antiterror əməliyyatı keçirir.
Bundan əlavə, Azərbaycan hərbçiləri xaricdə beynəlxalq sülməramlı kampaniya çərçivəsində Türkiyə hərbi kontingetinin tərkibində xidmət keçiblər. Bizim birbaşa əməkdaşlığımız bu səviyyədədir. Türkiyənin Suriyada apardığı əməliyyat isə öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Vətənşüvənlik edərək, “Barış pınarı”na qatılmaq istəyənlərə məsləhət görərdim ki, qazilərlə bağlı baş vermiş son insidentlə məşğul olsunlar. Yaranmış problemin səbəbini araşdırsınlar, belə halların olmaması üçün tədbirlər keçirsinlər. Türkiyə ordusu öz işi ilə özü məşğul olacaq. Adama deyərlər, belə döyüşən oğlansansa, işğal altındakı torpaqlarımızın azad edilməsinə təşəbbüs göstər.
İnanın ki, o QHT-lər heç Aprel döyüşləri zamanı bu qədər canfəşanlıq etmirdilər. Görünür, bu məsələdən də qrant alacaqlarına ümidlidirlər. Aprel döyüşlərindən sonra Müdafiə Nazirliyi veteran zabitləri səfərbərt edib, cəbhə bölgəsinə yolladı, orada əsgərlərimizlə görüşlər keçirildi. Bu QHT-lər də “Barış pınarı”na qatılmaqdansa, səngərdə dayanan əsgərlərimizlə görüşlərə yollansınlar”.
Səxavət Məmməd