!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı Rusiya ilə TOQQUŞDURMAQ: “Bu təzyiqlərin arxasında başqa məqsədlərin dayandığı...”

!Reklam – Yazi

“Avropa parlamentarilərinin qətnamədə əks olunan çağırışları elə kağız üzərində də qalacaq”.

Bu fikirləri ötən gün Avropa Parlamentində (AP) Azərbaycan əleyhinə əsassız qətnamə qəbul olunmasının arxasında dayanan məqsədləri şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin bu addımı qərəzli olmaqla yanaşı, Azərbaycanı sonu görünməyən xaosa sürükləmək niyyətindən qaynaqlanır:

“Avropa strukturlarının, müxtəlif beynəlxalq təşkilatların Azərbaycana münasibətdə obyektivlikdən kənar mövqe tutmaları bizi çoxdan təəccübləndirmir. Azərbaycan ərazilərinin işğal altında qaldığı uzunmüddətli dönəmdə onların hansı “prinsip”lər əsasında davrandıqlarını, ədaləti deyil, öz siyasi maraqlarını əsas götürdüklərinin dəfələrlə şahidi olmuşuq.

O baxımdan, ötən gün Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən və mətnində sanksiyalara çağırış, həmçinin başqa absurd iddialar yer alan qətnaməyə məhz bu prizmadan yanaşmaq daha doğrudur. Həmin qətnamənin qəbulunda canfəşanlıq edənlərin çıxışlarına baxdıqda, aydın görünür ki, onların Cənubi Qafqazda baş verən əvvəlki, indiki proseslərdən qətiyyən xəbəri yoxdur.

Sözsüz ki, bu qətnamənin qəbulu və Azərbaycana qarşı təzyiqlərin artmasının konkret səbəbi var. O da Azərbaycanın Rusiya əleyhinə cəbhədə yer almasıdır. Bəli, əminliklə demək olar ki, Qərb məhz bunu istəyir. Rəsmi Bakının bu tələbi yerinə yetirməməsi, müstəqil, eyni zamanda, balanslaşdırılmış xarici siyasət kursunu dəyişməməsi Avropanın siyasət mərkəzlərini hiddətləndirir. Nəticədə belə absurd sənədlər qəbul olunur.

Hesab edirəm ki, Avropa parlamentarilərinin qətnamədə əks olunan çağırışları elə kağız üzərində də qalacaq. Çünki Cənubi Qafqazda yeni reallıq yaradan, öz nüfuzunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə artıran Azərbaycanla “körpü”lərin yandırılması ilk növbədə Avropa İttifaqına ziyan vuracaq. Brüssel və Strasburqun bu amilləri nəzərə almaması mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv