!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın beynəlxalq əməkdaşlığa TÖHFƏSİ: Rəsmi Bakı etibarlı tərəfdaş imicini necə qazanıb? - TƏHLİL

!Reklam – Yazi

Beynəlxalq münasibətlər sistemində öz yerini tutan Azərbaycan Respublikası dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi.

Qeyd olunan dövrdən başlayaraq ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurulub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici siyasətimizdə əldə olunan uğurlardan ən mühümü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub.

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində əsaslı dönüş yarandı. Ölkəmiz müstəqilliyinin 31-ci ilində əsas beynəlxalq təşkilatlara üzv olub və çoxsaylı mötəbər qurumlarla sıx əməkdaşlıq qurub. Bu əməkdaşlıqların nəticəsidir ki, Azərbaycanın dünya miqyasında nüfuzu getdikcə artmaqdadır. Azərbaycan bu gün düyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir.

Həmin qurumlardan biri Azərbaycanın çox güclü mövqe və dəstəyə malik olduğu Qoşulmama Hərəkatıdır. Bu, kifayət qədər nüfuzlu bir qurumdur. Azərbaycan 2011-2013-cü illərdə BMT Təhlükəsizilik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edib. Ölkəmiz həm regional, həm də beynəlxalq əhəmiyyətli digər qurumlarda fəal iştirak edərək regional proseslərə daha yaxından töhfə verməyə çalışır.

Eyni zamanda, bütövlükdə beynəlxalq təşkilatlar və dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan vacibdir. Azərbaycan regional müstəvidə bir sıra beynəlxalq qurumlarda, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Türk Dövlətləri Təşkilatı kimi mühüm qurumlarda fəal iştirakçı və təşəbbüskar dövlət kimi qəbul edilir.

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması fonunda Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini yönəltməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, burada əsas udan tərəf yenə də Azərbaycanın özüdür.

Bundan başqa, ölkəmizin təşəbbüsü və vasitəçiliyilə TAP və TANAP kimi transmilli enerji marşrutları da var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Nəticədə Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir.

Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Azərbaycanın 44 günlük Vətən müharibəsini uğurla başa çatdırması isə ölkəmizin dünyaya inteqrasiyasında mühüm əhəmiyyət kəsb edib. Bu fonda beynəlxalq təşkilatlar Ermənistanın işğalçı mövqeyini pisləyən qətnamə və çağırışlar qəbul ediblər. Artıq əminliklə demək olar ki, Azərbaycan bundan sonra da bütün sahələr üzrə inkişafını davam etdirəcək. Çünki ölkəmiz müstəqil siyasət yeridir, heç bir dövlətdən asılı deyil və kimsənin də diktəsi ilə hərəkət etmir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi və müttəfiqlərimiz tərəfindən ciddi şəkildə dəstəklənən siyasət nəticəsində təkcə ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu sülh və təhlükəsizlik regionuna çevrilməkdədir. Ümid edirik ki, daim maraqların toqquşduğu Cənubi Qafqaz qısa zamanda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın ən yüksək səviyyədə təmin edildiyi coğrafi məkan olacaq.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv