!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın böyük siyasətdə subyektə çevrilməsi: “Dünyada gedən qlobal proseslərdə məhz...” – ŞƏRH

!Reklam – Yazi

“Dövlət başçısının oradakı çıxışı göstərdi ki, Azərbaycan da idarə olunan yox, idarə edən dövlət olmaq istəyir”.

Bu fikirləri Azərbaycanın qlobal siyasi proseslərdə subyekt kimi iştirak hədəfini genişləndirməyə yönəlik mövqeyini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada gedən qlobal proseslərdə məhz subyekt olmaq istəyini alqışlamaq lazımdır:

“Son dövrlərdə İslam dünyasında müəyyən bir dirçəliş müşahidə edilir və bu prosesə müxtəli prizmalardan yanaşmalar olur. Mən bu dirçəlişi elmi aspektdən qiymətləndirmək istərdim.

Türkiyə Prezidenti Ərdoğanın çox məşhur bir ifadəsi var: “Dünya beşdən böyükdür”. Ərdoğan bununla demək istəyirdi ki, dünyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən idarə olunması qəbuledilməzdir.

Baxın, Türkiyə Prezidenti bu fikri nə zaman dilə gətirdi? Məhz “Bayraktar” PUA-ları özünü təsdiqlədikdən sonra. Bu məsələlər arasında hansı əlaqənin olduğu soruşula bilər.

İş burasındadır ki, türk xalqları öz yaranışından bəri torpağa hakim oldular və Altaylardan Balkanlara qədər öz hakimiyyətlərini qurdular. Daha sonra suya hakim olaraq, 1453-cü ildə İstanbulu fəth etdilər. Amma iyirminci əsrdən sonra dünyada idarəçiliyi təmin edən əsas faktor kosmosa, səmaya hakim olmaqdan keçirdi.

Türkiyə bu prosesdə olmadığı üçün idarə edən deyil, idarə olunan ölkələr sırasında qalmışdı. Ancaq “Bayraktar”ların istehsalı Türkiyənin bu çatışmazlığını aradan qaldırdı və Ərdoğan öz dövlətinin iddiasını ortaya qoydu. Yəni Türkiyə artıq səmaya da hakimdir.

Azərbaycan Birinci Qarabağ müharibəsində niyə məğlub oldu? Çünki havaya hakim deyildik. İkinci Qarabağ savaşında ermənilər tarixin təkrarlanacağını düşünüb, bizi yerdə gözləyirdilər. Biz isə səmaya hakim olaraq onları məğlub etdik.

Ötən həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının toplantısında Prezident İlham Əliyev çox mühüm fikir və təkliflər səsləndirdi. Dövlət başçısının oradakı çıxışı göstərdi ki, Azərbaycan da idarə olunan yox, idarə edən dövlət olmaq istəyir.

Prezident diqqətə çatdırdı ki, sıralarında yüz iyirmi dövləti birləşdirən bir qurum dünyada gedən proseslərin obyekti deyil, subyekti olmalıdır və BMT Təhlükəsizlik Şurası daimi üzvləri sırasında Qoşulmama Hərəkatının təmsilçisinə də yer verilməlidir.

Dövlət başçısının təşəbbüsü ilə yaradılan və ofisi Bakıda olacaq Qoşulmama Hərəkatının Gənclər Birliyinin formalaşdırılması da bu qətiyyətli iddianın bir tərkib hissəsidir. Yəni Azərbaycan dünyada gedən qlobal proseslərdə məhz subyekt olmaq istəyir. Əlbəttə, bunu alqışlamaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv