“Azərbaycanın erməni hərbi aviasiyasını vurmağa ixtiyarı var” – Sabiq MTN polkovniki

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşları həyata keçirəcəyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda “ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, deyilir.

Ekspertlərin fikrincə, Paşinyanın bu addımı cəbhə xəttində gərginliyi artıraraq vaxt udmaq, danışıqlardan qaçmaqdır.

Yaranmış vəziyyətlə bağlı sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Yenicag.az-a danışıb.

İlham İsmayıl Ermənistanda baş verənlərlə bağlı deyib ki, rəqibləri Paşinyanı Qarabağa can yandırmamaqda ittiham edirlər, ancaq Qarabağa Paşinyandan çox gəlib gedən yoxdur:

“Paşinyan “Qarabağ bizim məsələ deyil, özü həll edəcək, müharibə lazım olsa, edəcək”, deməklə bütün işləri Rusiyanın üzərinə yıxırdı. Daha sonra Paşinyanın sərt bəyanatlar verməsi, hərbi təlimlər keçirməsi, dəfələrlə “biz müharibədən qorxmuruq” deməsi özünü möhkəmləndirmək, növbədənkənar parlament seçkilərində qələbəsini təmin etmək məqsədi güdür. Yeri gəlmişkən, Paşinyanın bu addımları effekt də verdi. İrəvandakı mer seçkilərində onun tərəfdarları 81%-lə qalib gəldi. Onların şəxsi pulları Sarkisyandan, Koçeryandan azdır, ancaq tərəfdarları çoxdur. Bu da həlledicidir”.

Ermənistan ordusunun Qarabağda hərbi təlimlər keçirməsinə və orada aviasiyadan istifadə edilməsi məsələsinə gəldikdə isə təhlükəsizlik eksperti bunları deyib:

“Birmənalı şəkildə Azərbaycan ordusunun erməni hərbi təyyarələrini, helikopterlərini vurmağa ixtiyarı var. Ermənistan tərəfi ciddi şəkildə xəbərdar edilməlidir. Aprel döyüşlərində Ermənistan tərəfi bildirirdi ki, Azərbaycan bir tək qırıcı təyyarələrdən istifadə etmədi, əgər etsəydi, biz də istifdə edəcəkdik. Qırıcı təyyarələrdən istifadə etmək açıq müharibə deməkdir. Əgər Qarabağda qırıcı təyyarələrdən istifadə etsələr, özləri-özlərini işə salmış olarlar. İnanmıram ki, Ermənistan bu oyuna getsin. Ermənistan o zaman bu addımı atar ki, Azərbaycan tərəfi heç bir hərəkət etməyəcək, tam seyirci mövqedə qalacaq. Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin qəti bəyanatları olmasa, Paşinyan bu addımı ata bilər. Paşinyan iradi qərarlar qəbul edən bir siyasətçidir”.

Sonda İlham İsmayıl bildirib ki, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi məsələ ilə bağlı daha ciddi bəyanatlar verməlidir.

Səxavət Məmməd

COP29