!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın hərbi uğuru ilə keçən 2023 və Ermənistanın silahlanması: Növbəti ildə iki ölkə arasında savaş gözlənilir? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Belə bir el misalı var, il ildən pis gəlir.

Artıq 2023-cü ili sonlandırırıq. Qarşıdan 2024-cü il gəlir. 2023-cü ili, heç şübhəsiz, Azərbaycan dövləti üçün uğurlu saymaq olar. Çünki suverenlik problemi həllini tapdı.

Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla həll etməsi fonunda Rusiya-Ukrayna müharibəsi sürünən formada davam etdi və edəcəyi də gözlənilir. Bunun üzərinə isə İsraillə HƏMAS arasında qanlı toqquşma start götürdü. Dünyadakı münaqişə ocaqlarından biri olan Qarabağ məsələsinin çözülməsi fonunda digərləri daha da alovlandı, alovlanmağa namizədlər də mövcuddur.

Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Məsələ ondadır ki, ortada nəticə yoxdur. Bəzən tərəflər müsbət mesajlar verir, hətta qısa zamanda sülh müqaviləsinin imzalanacağını deyir, ancaq ani olaraq ritorikalar dəyişə bilir. Sülh danışıqları fonunda diplomatlar belə müharibənin olma ehtimalının, hətta sülh müqaviləsi bağlansa belə, qaldığını dilə gətirir. Dolayısı ilə Cənubi Qafqaza sönmüş vulkan deyə bilmərik. Nəzərə almaq lazımdır ki, regionda nə sülhün, nə də müharibənin qərarvericisi region ölkələridir. Regionda maraqları olan dövlətlər bu məsələdə daha çox söz sahibi kimi görünür.

Ermənistana gəldikdə, sözdə, açıqlamalarda, bəyanatlarda son dərəcə pozitiv, sülhpərvər görünür, ancaq əmələ gəldikdə isə bunun tam əksini görürük.

Ermənistanın qurduğu konfiqurasiya da maraqlıdır. Fransanı anlayırıq, bu ölkə lap əvvəldən Ermənistanın yanında olub, olacaq da. Ermənistan daha çox Hindistandan silah almağa başlayıb. Yaxın zamanda isə Yunanıstanla hərbi əməkdaşlığa start verilib. Azərbaycan kiminlə müttəfiqdirsə, onun qarşısında dayanan tərəflə də Ermənistan müttəfiqlik qurur. Misal üçün, Pakistana qarşı Hindistan, Türkiyəyə qarşı Yunanıstan. Burada başqa bir maraqlı məsələ də var. Ermənistan məhz Azərbaycanın müttəfiqlərinin rəqiblərini seçir.

Yeri gəlmişkən, Hindistanın Kəşmiri öz ərazisi kimi konstitutsiyasına salması yaxın gələcəkdə Hindistanla Pakistan arasında ciddi toqquşmanın olma ehtimalını artırır. Hindistan böyüyən, iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdəndir. Nəzərə almaq lazımdır ki, hər iki ölkənin atom silahı var. Dolayısı ilə bu münaqişənin alovlanması dünya üçün də təhlükə yaradacaq cinsdən olacaq.

Bundan əlavə, Fransa son dönəmlər Cənubi Qafqazda səssiz görünürdü. Bu səssizliyin arxasında isə müxtəlif səbəblər yatırmış. İddialar var ki, Fransa Ermənistana leqal yollarla satdığı silahlardan əlavə qeyri-qanuni yollarla da silahlandırır. Hətta sahədə belə dəstək verir. Dolayısı ilə rəsmi Bakının “Sülh müqaviləsi imzalansa belə, müharibə ehtimalı mümkündür” açıqlaması məntiqə uyğundur.

Ermənistan əvvəlcə hava hücumundan müdafiə sistemləri almağa başlasa da, sonradan hücum silahları da sifariş etməyə başlayıb. Məsələn, Hindistandan “Pralay” adlı qısa mənzilli ballistik raket və antidron sistemləri də sifariş verib. Görünən odur ki, Ermənistan müharibənin nəticələrini incələyib və səhvlərdən dərs çıxarmaq üçün addımlar atır. Aldıqları silahlar isə məhz Azərbaycan arsenalındakı silahlara qarşılıqdır. Hava hücumundan müdafiə sistemləri Azərbaycanın arsenalındakı silahları zərərsizləşdirəcək, raketlər isə Azərbaycan hava hücumundan müdafiə sistemlərinin vura bilməyəcəyi tipdədir. Ən azı bunu düşünürlər. Azərbaycan tərəfi də qələbədən arxayınlaşmayıb. Rəsmi Bakı da arsenalına əl gəzdirir. Məsələ ondadır ki, Azərbaycan tərəfi bunu açıq-aşkar, elan edərək yox, gizliliklə həyata keçirir. Bunun da səbəbləri var. Ermənistan tərəfi bu silahları aldığını bəyan etməklə daxilə, ictimaiyyətə gücləndiyini nümayiş etdirir. Azərbaycan tərəfi isə bu məsələni gizli tutaraq ictimaiyyəti müharibə ab-havasına salmamağa çalışır.

Əgər dünyadakı münaqişə ocaqlarının miqyası genişlənəcəksə və yatmış kimi görünən münaqişə ocaqları alovlanacaqsa, Cənubi Qafqaz bu məsələdən geri qalmayacaq. Azərbaycan və Rusiyadakı prezident seçkiləri yekunlaşana və kabinet müəyyən edilənə qədər proseslər indiki axarı ilə davam edəcək. Ancaq seçkilərdən sonra istər Ukrayna, istərsə də Cənubi Qafqazda gərginlik artan xətlə davam edəcək. Bunun müharibə həddinə çatıb-çatmayacağı isə Ermənistan və Azərbaycanın mövqeyindən asılı olacaq.

www.yenicag.az

1015
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv