“Azərbaycanın hərtərəfli inkişafını görmək bizim üçün qürurverici haldır” – Şəmsəddin Kuzəçi

“Bakıda Azərbaycan mətbuatı ilə bağlı əldə etdiyimiz məlumatların çoxu bizim üçün xoş yenilik idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda iyulun 21-də baş tutan Beynəlxalq Media Forumunda iştirak edən İraq Türkman Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçi deyib.

Şəmsəddin Kuzəçi Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və analoji tədbirlərin digər Türk dövlətlərində də keçirilməsinin zəruriliyini bildirib:
“Bakıda bu forumun təşkili özlüyündə çox müsbət addımdır. Əslində, Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan bu tədbir sayca üçüncü dəfə keçirilir. Birinci tədbir 2016-ci il iyulun 15-də, çevrilişə cəhd olan gün, ikincisi isə ötən il Rizədə gerçəkləşdirilib. Bakıda keçirilən üçüncü forumun Azərbaycan milli mətbuatının 143-cü ildönümünə təsadüf etməsi isə xüsusi əhəmiyyət daşıyır.

Türkiyədən və digər ölkələrdən 40-a yaxın jurnalistin Anadolu Yayımçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birlikdə təşkil etdiyi Bakı forumuna qatılması tədbirin önəmi haqqında təsəvvür yaradır. Qeyd edim ki, burada olaraq, Azərbaycanın inkişafını görmək, böyük layihələrin həyata keçirildiyinə şahid olmaq bizim üçün qürurverici haldır. Azərbaycan həqiqətən də, Türkiyə ilə birlikdə Türk dünyasının lokomotivi funksiyasını daşıyır.

Digər tərəfdən, Forumda iştirakçıların geniş spektri Azərbaycan mediasının öz inkişafının yüksək mərhələsində olduğunu göstərir. Buradakı dostlarımız bizə Azərbaycan mətbuatı, medianızın inkişaf yolu haqqında ətraflı məlumat verdilər. Bu məlumatların bəziləri bizim üçün çox məmnunedici yenilik idi.

Tədbirə gəldikdə isə, gördüyünüz kimi, Forum çox yüksək səviyyədə təşkil olunub, buradakı qələbəlikdən açıq müşahidə olunur ki, maraq böyükdür. Çox arzuolunandır ki, növbəti belə Forumlar digər Türk dövlətlərində də təşkil olunsun və Türk dünyasının mediaları arasında inteqrasiya dərinləşsin, bir-birlərimizin vəziyyətini daha yaxından öyrənək, problemlərin həllinə dəstək olaq.

Bu yerdə əsas arzularımızdan biri budur ki, Azərbaycan tezliklə Qarabağı erməni işğalından azad etsin. Eyni zamanda, Türk dünyası jurnalistlərinin əsir türklərin – Kərkük, Krım, Şərqi Türküstan və digər yerlərdəki qan qardaşlarımıza sahib çıxmalarını, onların problemlərini diqqətdə saxlamalarını diləyirik.

Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm, onlara uğurlar və məhdudiyyətsiz peşə fəaliyyəti arzulayıram”.

A.Zeynalov