“Səfirlik açılması ilə regionda Türkiyə-İsrail-Azərbaycan strateji-iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər”.
Bu sözləri Azərbaycanın İsraildə səfirlik açmasının iqtisadi təsirlərini dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti yeni bir hadisə deyil:
“Yaxın zamanlarda Azərbaycan İsraildə, ilk növbədə ticarət və turizm nümayəndəliyi açacaq. Bu da sonrakı mərhələdə səfirliyin açılmasını zəruri edəcək. Azərbaycanın İsraildə səfirlik açması Ankaranın da maraqlarına uyğundur. Türkiyə-İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafı baxımından rəsmi Bakını İsraildə açacağı səfirlik mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkəsi olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı var. Bunu Ankara da yaxşı bilir.
Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə, onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Bütün bunların baş verməsində ən önəmli məqam isə Azərbaycanın İsraildə səfirlik açmasıdır. Bu, baş versə, regionda Türkiyə-İsrail-Azərbaycan strateji iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər”.
Gülşən Şərif