Azərbaycanın qətiyyəti və düşünülmüş hərbi-siyasi gediş: “Ritorika olduqca təqdirlayiq idi” – ŞƏRH

“Baş verənlərin Azərbaycana olduqca xeyri var. Azərbaycan nəzarət etmədiyi ərazilərlə bağlı rəsmi mövqeyini ortaya qoydu ki, ora qayıdırıq. 16 ay ərzində ermənilərin düşüncələri vardı ki, status alacaqlar, suveren olacaqlar, bunlar da məhv oldu”.

Bu fikirləri Qarabağda baş verən proseslər, Rusiyanın aqressiyasının səbəbləri və Azərbaycan tərəfinin atdığı addımları dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Azərbaycan tərəfinin atdığı addımlar Qarabağda hansısa “dövlət”in yaranmasının üstündən xətt çəkdi:

“16 aydır Azərbaycan tərəfi strateji səbr, təmkin nümayiş etdirirdi. Azərbaycanın bu təmkini cəmiyyətin narahatlığına səbəb olurdu. Hər dəfə deyilirdi ki, Azərbaycan niyə görə Xankəndi ilə bağlı tez-tez mövqe bildirmir. Ermənilərdə də belə bir təsəvvür yaranmışdı ki, orada müstəqil bir subyekt quracaqlar, xüsusi status alacaqlar. 22 fevralda Moskva Bəyənnaməsi imzalandı. Onu da qeyd edim ki, sözügedən sənəd Moskva üçün lazım olan anda imzalandı. Bundan sonra Azərbaycanın gözləntiləri meydana gəldi, ancaq bu gözləntilər baş vermədi. Rusiyanın başı Ukraynaya qarışmışdı, paralel olaraq erməni tərəfi səngər qazırdı. Bunu da Azərbaycan tərəfi görürdü və dəfələrlə səsgücləndiricilərlə xəbərdarlıq edilirdi ki, bunu etməyin. Erməni tərəfi buna fikir vermirdi. Üsətlik, sülhməramlılar da buna şərait yaradırdı. Gözləntilər baş verməyəndə Azərbaycan tərəfi əraziyə qüvvələr yığmağa başladı. Hətta Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kim Bakıya səfərə gəlməmişdən əvvəl Azərbaycan SQ-nin Baş Qərargah rəisi Kərim Vəliyev Şuşada idi. Müəyyən qüvvələr hazır idi. Aleksey Kimlə Kərim Vəliyevin görüşündə erməni silahlılarının çxıarılması müzakirə olundu. Bunun rəsmi şəkildə elan olunması bizim üçün çox müsbət hadisə idi. Erməni silahlıları bunun əksinə oradan çıxmadılar və möhkəmlənməyə başladılar. Havanın ən kəskin vaxtında ermənilər Fərruxdan düşdülər. Azərbaycan tərəfi də bu barədə informasiya aldı və Daşbaşı yüksəkliyini tutdu. Erməni tərəfi geri qayıdanda Azərbaycan əsgərlərini görəndə təxribata əl atdılar. Bu zaman lokal döyüş oldu və erməni silahlıları öldü. Azərbaycan tərəfi başa saldı ki, bizim ərazimizdə səngər, mühəndis-istekam işləri görə bilməzsiniz. Səngəri özləri üçün qazmırlar ki, Azərbaycana qarşı qazırlar.

Rusiya Müdafiə Nazirliyi bir-birinin ardınca bəyanatlar verdi. Birinci bəyanatda bildirdi ki, Azərbaycan 10 noyabr bəyanatının bəndini pozub. Bu, Azərbaycana şər atmaq idi. Öz gözündə tiri görmür, öhdəliyini yerinə yetirmir, 16 aydır erməni silahlılarını ərazidən çıxarmır, ancaq Azərbaycana şər atır. Ona görə də cavab bu oldu ki, qaydanı birinci Ermənistan pozur.

Ruslar buna görə də, ermənilərə hesablanmış, siyasi çalarlı bəyanat verdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Burada məqsəd ondan ibarət idi ki, erməni tərəfi bir qədər sakitləşsin. Ancaq bunu Azərbaycanla məsləhətləşib etmirdilər. Onların, “Azərbaycan geri çəkilib”, – bəyanatı erməni tərəfini sakitləşdirdi, ancaq Azərbaycan cəmiyyəti narahat oldu. İki saat ərzində sosial şəbəkə, hətta hərbi ekspertlər niyə geri çəkilməyi sorğu-sual etdi. Hətta qərəzli insanlar, siyasi qüvvələr yazdılar ki, oranı saxlaya bilməyəcəkdinizsə, niyə girirdiniz ora.

Bütün bunlardan sonra Azərbaycan tərəfi siyasi çalarlı bir cavab verdi. İrad tutuldu ki, Müdafiə Nazirliyi gec cavab verdi. Əslində, bunun səbəbi var idi. Rusiyanın bəyanatında siyasi çalar olduğu üçün Azərbaycan Müdafiə Nazirliyi də siyasi rəhbərliklə razılaşdıraraq cavab verdi. Azərbaycan açıq şəkildə bəyan etdi ki, geri çəkilməmişik. Bu, Rusiyanın adət etmədiyi bir cavab olduğuna görə, özlərindən çıxdılar”.

Rusiyanın Azərbaycana aqressiyasına gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Əslində, Azərbaycandan çox rusların səbrini daşıran Ukraynadakı uğursuzluq idi. Ukraynadakı uğursuzluğun əsəbini Azərbaycanın üzərinə tökdülər. Televiziyada çıxıb, “Bu nə deməkdir, bizə cavab qaytarırlar, bizə qarşı sərt mövqe sərgiləyirlər, bizlə razılaşmırlar”, – deyildi. Hətta Delyagin bir qədər də irəli gedərək bomba atmaqdan danışdı. Bu, tək Azərbaycana ünvanlanmamışdı. Ukrayna cəbhəsindəki uğursuzluğun isterikasını Azərbaycana yönəldirdilər.

O fikri səsləndirənlərə demək istərdim ki, sizin dövlət başçınızı düşmən hesab etdiyiniz adam qəssab adlandırır, ona cavab verə bilmirsən, onun əsəbini Azərbaycanın üstünə tökürsən?

Fərrux kəndinə Azərbaycan girməmişdi, ermənilər özləri oradan çıxıb getmişdi. Deyirlər, iki kənddən 200 uşaq çıxıb. Heç o kəndlərdə toplam 200 erməni yox idi. Hələ deyirlər, əhalini evakuasiya ediblər. Belə şey olmayıb, özləri qorxub gediblər.

Ermənistan siyasi rəhbərliyi də, separatçı rejim də, erməni əhalisi də başa düşdü ki, Azərbaycan bir addım geri atmayıb. Azərbaycan rəsmi şəkildə mövqeyini ortaya qoydu. Bayaqdan İlham İsmayıl, Səxavət Məmməd və digərləri danışırdı. İndi dövlət danışır ki, gəlirəm ora!

Azərbaycan tərəfi əsas odur ki, ortaya mövqe qoyub və bu, sərt mövqedir. Müdafiə Nazirliyinin ritorikası olduqca təqdirlayiq idi. Açığı, gözləmirdim, ancaq çox yerində və doğrudur. Bundan sonra heç nə kağız üzərində qalmamalıdır. Hər gün Azərbaycan diplomatiyası erməni silahlılarının çıxarılmasının üstünə getməlidir. Azərbaycan Qarabağdan başlamalıdır. Dövlət sərhədinin delimitasiya və demarkasiyasını sona saxlamaq lazımdır. Onda nə Ermənistanın, nə də Rusiyanın əlində bəhanə qalır. Qarabağdan başlayanda digər məsələlər corab sapı kimi sökülüb gedəcək”.

Səxavət Məmməd

COP29