“Azərbaycanın Şimali Qafqaza investisiya yatırmasını istəyirik” – Rusiyalı nazirlə müsahibə

“Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşıdır. Bizim Azərbaycanla həm su, həm də qurudan sərhədimiz mövcuddur. Ölkələrimiz arasında əməkdaşlığın intensivliyinin səviyyəsi çox yüksəkdir”.

Bunu Yenicag.az-ın Moskva müxbirinə müsahibəsində Rusiya Federasiyasının Şimali Qafqaz üzrə naziri Sergey Çebotaryov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyaya təkcə birlikdə iş qura, layihələr reallaşdıra biləcəyi biznes tərəfdaşı kimi baxmır. Azərbaycanla Rusiyanın Şimali Qafqaz regionu arasında əməkdaşlıq əlaqələri mövcuddur:

“İstərdik ki, bu əlaqələr daha aktiv olsun. Misal üçün bizim Xəzər dənizi regionu ilə bağlı kəsişən nöqtələrimiz var. Rusiyada Xəzər regionunun inkişafı ilə bağlı 2035-ci ilə qədər strategiya qəbul olunub. Bu strategiya özündə bir sıra kompleks tədbirləri birləşdirir. Bura dəniz limanlarının və dəniz kommunikasiyasının inkişafı daxildir. Bu strategiyaya əsasən Rusiya Xəzər regionunda fəaliyyətini genişləndirəcək. Sözsüz ki, bu fəaliyyətin əsas istiqamətlərindən biri Xəzər regionunda Azərbaycanla əməkdaşlığı genişləndirməkdir. Ona görə də, biz Azərbaycan tərəfindən investisiyaların yatırılmasında maraqlıyıq. Bu, hər iki ölkənin xeyrinədir. Bundan başqa, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın böyük potensialı var. Azərbaycan turizm sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanın möhtəşəm Qəbələ dağ-xizək turizm kurortu var. Anoloji olaraq Şimali Qafqaz regionunda da dağ-xizək kurortları mövcuddur. Lakin Azərbaycan bu sahədə çox irəli gedib. Ölkənizin dağ-xizək kompleksləri ən müasir tiplidir. Ona görə də biz bu sahədə əməkdaşlıq etmək istəyirik. Turistlərin cəlb edilməsi və xidmət sahəsi ilə bağlı təcrübə mübadiləsi aparmaq fikrindəyik”.

Rusiyalı nazir Azərbaycanla Şimali Qafqaz regionu arasında kənd təsərrüfatı və nəqliyyat sahəsində əməkdaşlığın böyük perspektivləri olduğunu vurğulayıb:

“Ümumilikdə əməkdaşlıq üçün böyük perspektivlər mövcuddur. Ayrılıqda, yanacaq-enerji kompleksi sahəsində əməkdaşlığın perspektivlərinə toxunmaq istərdim. Ona görə ki, yanacaq-enerji kompleksi çox vacib, deyərdim ki, Şimali Qafqaz üçün çox aktual mövzudur. Biz investisiyalar cəlb etmək istəyirik. Azərbaycan Şimali Qafqaz regionunda yanacaq-enerji kompleksi sahəsində investisiya yatırmaq imkanına baxa bilər. Eyni ilə Şimali Qafqaz da Azərbaycanın regionlarının iqtisadi inkişafına yardım etmək üçün əməkdaşlıq etməyə hazırdır”.

S.Çebotaryov hal-hazırda turizm sahəsində Azərbaycanla Şimali Qafqaz arasında layihələr həyata keçirildiyini söyləyib: “Azərbaycan tərəfi “Mineralnıe Vodı”da yeni sanatoriya istirahət mərkəzlərinin tikintisinə baxır. Qeyd etdiyim kimi turizm Azərbaycanla Şimali Qafqaz regionu arasında əməkdaşlığın konkret istiqamətlərindən biridir. O ki qaldı Xəzər regionu sahəsində əməkdaşlığa, bu sahədə Azərbaycanla Şimali Qafqaz arasında hələlik konkret razılıq yoxdur. Çox istərdim ki, yaxın vaxtlarda bu sahədə razılıq əldə olunsun və azərbaycanlı tərəfdaşlarımızla birlikdə fəaliyyətə başlayaq”.

Fərid Əkbərov
Moskva