!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın tarixi qələbəsi və yeni cəbhədə SAVAŞ: Dünyanın göz yumduğu müharibə cinayətləri - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan öz gücü, xalqın iradəsi, mübarizə əzmi ilə bütün dünyaya tarixi ədalətin şanlı qələbə qazanaraq necə bərpa edildiyini göstərdi. 2020-ci ilin sentyabrının son günlərində başladılan və 44 gün davam edən müharibə ilə Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinə “dəmir yumruq” endirərək zəfər qazandı, torpaqlarımız işğaldan azad olundu. 2023-cü ildə keçirilən lokal xarakterli atiterror əməliyyatları ilə isə Qarabağda separatizmin kökü quruduldu və əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuların, bölücü qüvvələrin rəhbərlərinin mühakiməsinə start verildi.

Xisləti hər kəsə məlum olan ermənilər Vətən müharibəsi zamanı da beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq azərbaycanlılara qarşı cinayətlər törətməyə davam etdilər. Mingəçevirə, Bərdəyə, Gəncəyə, Qəbələyə, Tərtərə və əhalinin sıx məskunlaşdığı digər ərazilərə raketlər ataraq dəfələrlə insanlıq əleyhinə cinayətlərə cəhdlər ediblər. Nəticədə isə mülki şəxslərə və yaşayış yerlərinə böyükmiqyaslı ziyan dəydi.

Ermənistanın istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatıdırılması üçün qətiyyətli addımlar atılır. Prezident İlham Əliyev beynəlxalq səviyyədə təşkil olunan bütün platformalarda bu məsələni gündəmə gətirir. Ermənilər bir gün mütləq Azərbaycana qarşı törətdikləri bütün vəhşiliklərə cavab verəcəklər.Məsələ ilə bağlı Yenicag.az-la fikirlərini bölüşən media eksperti Yadigar Məmmədli deyib ki, 30 illik işğalın ardından 44 günlük Vətən müharibəsi Azərbaycan üçün dönüş nöqtəsi idi:

“Bu döyüşlə ölkəmiz tarixi haqq-ədaləti özü bərqərar etdi. Daha sonra isə 24 saatlıq antiterror əməliyyatları ilə Azərbaycan öz suverenliyini yenidən qazandı. Ölkəmiz mərhələ-mərhələ qarşıya qoyduğu bütün məqsədlərinə çatır. Qarşıda isə ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan ərazilərindən qovulan 200 minə yaxın azərbaycanlının taleyinin həll olunması məsələsi dayanır. Həmin ərazilərdə əmlakımızın, tarixi əhəmiyyət kəsb edən maddi və mənəvi abidələrimizin dağıdılması, insanların kütləvi şəkildə öldürülməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara təzminatın ödənməsi yönündə müraciətlər ünvanlamışıq. Burada mənəvi ziyanı ödənməsə də, maddi ziyanı ödəyəcək milyardlarla ölçülən böyük məbləğlərdən söhbət gedir.

Bu proses uzunmüddətli baş verəcəyindən davamlı olaraq fəaliyyət göstərilməlidir. Təbii olaraq, bu uzun yol heç də asan qət edilməyəcək. Çünki bir yox, bir neçə ölkə – Ermənistan və havadarları ilə qarşı-qarşıya olduğumuzu unutmamalıyıq. Ancaq nə olur-olsun, nəticə bizim xeyrimizə olacaq. 30 illik işğala son qoyduğumuz kimi, bu məsələni də həll edəcəyik”.

Hərbi ekspert Şair Ramaldanov isə Yenicag.az-a açıqlamasında beynəlxalq hüquq normalarını üstün tutan bir çox ölkələrin özlərinə sərf etmədiyi zamanlarda bu normaları tapdaladıqlarını vurğulayıb:

“Azərbaycan 30 il sonra erməni işğalına son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Tapdaqdan qurtarılmış ərazilərdə ermənilərin nəinki mənəvi, həm də maddi zərər verərək Azərbaycana və Azərbaycan xalqına qarşı böyük terrror aktı törətdiyinin şahidi olduq. Ermənilərin törətdiyi vəhşilikləri bütün dünya bilməlidir. 30 il ərzində bu istiqamətdə apardığımız işlər Vətən müharibəsindən sonra daha da aktivləşdirildi.

Bu gün Azərbaycana qarşı ikili standartlarla siyasət yürüdən ölkələrin sayı azalmaq əvəzinə, artmaqdadır. Foto və video faktlarla erməni vəhşiliyini, insanlıq əleyhinə törətdiyi vandallıqları sübut etməyə çalışsaq da, gözlərini bağlayaraq bunu görmək istəməyən qüvvələr mövcuddur. Azərbaycanın qələbəsini həzm etməyən, müxtəlif don geyindirənlər məhz həmin qüvvələrdir.
Dövlətimiz ikili yanaşma sərgiləyənlərə qarşı heç bir zaman öz qətiyyətli mövqeyindən geri çəkilməyib. Dünyanın aparıcı təşkilatlarından olan AŞPA ilə əməkdaşlığımızı kəsməyimiz bunun bariz nümunəsidir. Dünyada beynəlxalq hüquq normalarını üstün tutan məhz həmin ölkələr özlərinə sərf etmədiyi zamanlarda bu normaları tapdamağı belə ayıb bilmirlər.

Azərbaycan və Azərbaycan xalqı nə olur-olsun, qanlı tarixi unutmayacaq, unutdurmayacaq. Xarici ölkədə yaşayasa da, vətəninə xeyirli övlad olan, tarixini unutmayan qürurlu gənclərimiz ermənilərin bizlərə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə yaymaqdan heç vaxt çəkinməyiblər. Sözün həqiqi mənasında, igid əsgərlərimiz cəbhədə, igid oğullarımız və qızlarımız isə arxa cəbhədə döyüşərək həqiqətləri dünyaya çatdırmağa çalışır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv