!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın xarici siyasətində DƏYİŞMƏZ PRİORİTETLƏR: Bakı bütün istiqamətlərdə fəallığı artırır - TƏHLİL

!Reklam – Yazi

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirməyə başladı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri də Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi.

Qeyd olunan dövrdən başlayaraq ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurulub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici siyasətimizdə əldə olunan uğurlardan ən mühümü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub.

Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq aləmə inteqrasiya fonunda respublikamızın müstəqil dövlət kimi gələcək dünya düzənində yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev də bir neçə dəfə BMT kürsündən Ermənistanın işğalçı və faşist mahiyyətini dəqiq, açıq, sistemli və qətiyyətli şəkildə ifşa edib.

Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı öz dövlət siyasətinin prioritetinə çevirdi. Belə ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB) və digər təşkilatlarla əməkdaşlıq genişləndirildi və ölkəmiz bu qurumların üzvü oldu. Azərbaycanın NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də beynəlxalq anti-terror koalisiyası tərkibində fəaliyyəti genişlənməkdədir.

Eyni zamanda, qonşu dövlətlərlə əməkdaşlığın miqyası də xeyli böyüyüb, ikitərəfli münasibətlər yüksək səviyyəyə çatdırılıb. Azərbaycan bütün məsələlərdə konstruktivlik nümayiş etdirərək sülh, əmin-amanlıq tərəfdarı olduğunu nümayiş etdirib. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli əməkdaşlıq üçün əlverişli mühit yaradılıb. Prezident İlham Əliyev hər zaman beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin və təhlükəsizliyin vacibliyini xüsusilə önə çəkib.

Dövlət başçısı ölkəmizin bununla bağlı mövqeyini çox sərrast şəkildə ifadə edib:

“Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, ölkənin milli maraqlar, milli dəyərlər üzərində, sivil birgəyaşayış prinsipləri əsasında qurulmuş müstəqil siyasəti bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu baxımdan, ölkəmizin iştirakı olmadan regionda heç bir layihə – siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq, Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması fonunda Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini cəlb etməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, burada əsas udan tərəf rolunda elə Azərbaycanın özü çıxış edir. Bundan başqa, ölkəmizin təşəbbüsü və vasitəçiliyilə TAPTANAP kimi transmilli enerji marşrutları da var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Nəticədə Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələr reallaşdıran dövlət olaraq qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal oyunçu və regional güc kimi qəbul edilir. Azərbaycanın istər beynəlxalq əməkdaşlıq sahəsində, istərsə də tranzit ölkə kimi əhəmiyyəti artıq dünya miqyasında birmənalı qəbul olunur. Bunun isə praqmatikrasional xarici siyasət kursu nəticəsində əldə olunduğu şübhəsizdir.

Ötən əsrin 90-cı illərindən dünya birliyinə inteqrasiyanı özünün xarici siyasət prioritetlərindən birinə çevirən Azərbaycan təcavüzkar qonşusu tərəfindən hərbi ekspansiyaya məruz qalmasına, ərazi bütövlüyünün pozulmasına baxmayaraq, beynəlxalq təşkilatlarla əlaqələrinin yaradılması və inkişaf etdirilməsini özünün başlıca istiqamətlərdən biri hesab edib. Bu əlaqələrin sıx aparılması Azərbaycana öz həqiqətlərini dünya birliyinə çatdırmaq, düşmən lobbisinin qara-piarına qarşı davamlı duruş gətirmək imkanları verib.

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində müharibəyə qədərki dövr Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin və tədbirlərin həyata keçirilməsində platformalardan biri rolunu oynadı. Azərbaycanın 44 günlük Vətən müharibəsini uğurla başa çatdırması isə ölkəmizin dünyaya inteqrasiyasında mühüm əhəmiyyət kəsb edib. Bu fonda beynəlxalq təşkilatlar Ermənistanın işğalçı mövqeyini pisləyən qətnamə və çağırışlar qəbul ediblər. Artıq əminliklə demək olar ki, Azərbaycan bundan sonra da bütün sahələr üzrə inkişafını davam etdirəcək. Çünki ölkəmiz müstəqil siyasət yeridir, heç bir dövlətdən asılı deyil və kimsənin də diktəsi ilə hərəkət etmir.

Hazırda Azərbaycan formalaşan yeni geosiyasi nizama uyğunlaşmaq, dünya iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində səylərini artırır, tarixi inkişafında dünyaya inteqrasiyanın növbəti mərhələsini və yeni dövrünü yaşayır.

Gülşən Şərif 

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv