Azərbaycanın yetişən “gələcəyinə” qoyulan SƏRMAYƏ: Dövlət uşaq və gənclərin inkişafını necə təmin edir? – TƏHLİL

Uşaqlar və gənclərin istənilən dövlətin gələcəyini müəyyənləşdirən əsas faktorlardan biri olduğu birmənalı qəbul edilir.

Hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsil də önəmlidir. Psixoloqlara görə, uşağın mənəvi və fiziki cəhətdən sağlam böyüməsi ilk olaraq ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Uşağın cəmiyyətlə ilk tanışlığı isə onun məktəbə qədəm qoymasından başlayır. Şagirdin cəmiyyətə tədricən uyğunlaşmasında təhsil ocaqlarının rolu danılmazdır.

Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli Lider tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Xalqın gələcəyi olan uşaqlara diqqət və qayğını yüksək qiymətləndirən Prezident İlham Əliyev uşaqların cəmiyyətimizin sabahı olduğunu dəfələrlə qeyd edib. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir.

Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Dövlət başçısı ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindən biridir.

Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı dövlət proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu. 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında” Sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzaladı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət başçısı tərəfindən təsdiq olundu. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etmək və yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarət idi.

Ölkəmizdə uşaqların qorunması, onların fiziki və mənəvi inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər də xüsusi qeyd edilməlidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirilib. Uşaqların təhsil almaq hüququnun təmin edilməsi üçün Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilərək istifadəyə verilib. Bundan başqa, fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı mühüm addımlar atılır. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çox sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.

Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla nüfuzlu təşkilatlar arasında əməkdaşlıq da genişlənməkdədir. Məlumdur ki, Heydər Əliyev Fondu ilə ABŞ-nin “Uşaqların Xilası Təşkilatı” arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşıb. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın daha 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin “Uşaq Hüquqları Haqqında Konvensiyası”nın müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında Qanun”u qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib.

Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Azərbaycanda idman, təhsil sahəsində aparılan islahatlar nəticə etibarilə yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir. Fiziki və mənəvi cəhətdən inkişaf etmiş gənclərin hazırlanması ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan illərdir idman ölkəsi kimi tanınmaqdadır. Ölkə daxilində idman sahəsində aparılan islahatlar, rayonlar üzrə olimpiya idman komplekslərinin açılması uşaq və yeniyetmələrin idmana marağını artırır.

Hazırda azərbaycanlı gənclər ölkəmizi vətəndən kənarda layiqincə təmsil edirlər. Onlar müxtəlif bilik yarışlarında, fənn olimpiadalarında iştirak edərək həm öz parlaq gələcəklərini qururlar, həm də Azərbaycanın adını yüksəklərdə tutaraq onun atributlarını bütün dünyaya nümayiş etdirirlər. Bir sözlə, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığı, bu yöndə bir sıra önəmli layihələrin, dövlət proqramlarının həyata keçirildiyi müsbət reallıqdır. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Çünki son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

COP29