Azərbaycanlı forum iştirakçıları Ukraynadakı səfirimizlə görüşdü – Fotolar

“Azərbaycanda gənclər siyasəti Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu gün gənclərə dövlət qayğısı dünya ölkələri üçün örnəkdir”.

Yenicag.az xəbər verir ki, bu fikri Kiyevdə keçirilən Azərbaycan-Ukrayna Gənclərinin I Forumunun iştirakçılarının bir qrupu ilə görüşdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Ukraynada istedadlı azərbaycanlı gənclər yetişib. Artıq onlar Ukraynanın dövlət qurumlarında çalışırlar. Hesab edirəm ki, bu gün yetişən gənclik qlobal çağırışlara cavab verməlidir. Çünki Azərbaycan dövləti gənclərə külli miqdarda sərmayə yatırır. Düşünürəm ki, Gənclər Forumu Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək.

“Yeni Çag” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili çıxış edərək gənclərə dövlət qayğısından danışıblar.

Qeyd edilib ki, forum Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir. Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan gəncliyinin intellektual səviyyəsinin artırılması, dünya birliyinə inteqrasiyası üçün dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən gənclərlə bağlı görülən işlər beynəlxalq ictimaiyyətin təqdirini qazanıb və bir inkişaf modeli kimi təsdiqini tapıb. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir.

Görüşdə Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov da iştirak edib.

Sonda gənclər Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına verdiyi mühüm töhfələrə, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılara göstərdiyi dəstəyə görə səfir Azər Xudiyev təşəkkürnamə ilə təltif olunub.