Zaman-zaman Azərbaycan filmlərində türk və digər əcnəbi aktyorlar rol alıb. Elə yerli aktyorlarımız arasında da Türkiyə, Rusiya və digər ölkələrin filmlərində çəkilən aktyorlar az olmayıb.
Son illər aktrisalarımız Türkiyə seriallarında görünsələr də, nədənsə əcnəbi aktyorları öz serial və filmlərimizdə görə bilmirik. Səbəb nədir? Ümumiyyətlə, bir əcnəbi aktyorun Azərbaycan filminə dəvət olunması üçün nə qədər vəsait tələb olunur?
Yenicag.az məsələni araşdırıb.
Tanınmış kinorejissor və ssenarist Yavər Rzayev bir əcnəbi ulduzun Azərbaycanda film və seriallarda çəkilməsi üçün ilk növbədə külli miqdarda vəsait tələb olunduğunu bildirib:
“Əlbəttə, söhbət ulduz aktyordan gedirsə, bunun üçün sərmayə qoyulmalıdır. Burada söhbət yüz minlərdən, hətta milyonlardan gedir. Onların öz ölkələrində aldığı qonorardan xəbəri olan bir adam kimi bunu deyirəm. Misal üçün deyim ki, Vandamın hansısa bir filmdə yumruq vurub getməsi, özü yüz minlər tələb edir. Məbləğ təbii ki, epizod, yaxud da əsas rola uyğun olaraq dəyişir. Bir neçə il bundan əvvəl Çingiz Abdullayevin “Dronqo” əsəri əsasında film çəkmək istəyirdim. Artıq ssenari də hazır idi. Türkiyənin məşhur aktyoru Halit Ergençi baş rola dəvət etmişdim, məbləğ də müəyyən olunmuşdu. Bildiyim qədər, 200 000 min manat qonorar təklifinə razılaşmışdı. Lakin sonralar biz tərəfdən müəyyən səbəblər üzündən bu filmin çəkilişi baş tutmadı. Rejissorluğumla çəkilən digər bir filmdə Amerikadan olan aktrisanı çəkdim. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsində Aziya Arcento çəkildi. Onun qonorarının məbləği kifayət qədər yüksək idi. Rəqəm açıqlamayım, çünki bu, müqavilə şərtinə ziddir. Onu da qeyd edim ki, hansısa məşhur ulduzun bir çəkiliş gününə aldığı qonorar bizim serial və filmlərimizin ümumi büdcəsindən qat-qat yüksəkdir”.
Yavər Rzayev maddi tərəflərdən başqa, bədii keyfiyyətin də önəmli olduğunu qeyd edib:
“Əlbəttə, hansısa ulduz filmə çəkilmək üçün əvvəlcə ssenarini oxuyacaq. Bədii cəhətdən elə ssenari olmalıdır ki, o razılıq versin. Yoxsa ki deyəcək, bu nə biabırçılıqdır, bu ssenaridə özümü görə bilmirəm və s. Yəni sanballı, səviyyəli əsər ortaya qoymalıyıq ki, ayıb olmasın”.
Rejissor əcnəbi aktyorun Azərbaycan filmlərində rol almasının üstünlüklərini də izah edib. Bildirib ki, hansısa aktyorun yerli filmlərimizdə çəkilməsi, ekran işinin populyarlığına və tamaşaçının cəlb edilməsinə xidmət etmiş olacaq.
Rejissor Tahir Əliyev türk və digər əcnəbi aktyorların yerli serial və filmlərdə çəkilməsi üçün şərtləri açıqlayıb:
“Əvvəlcə onu deyim ki, heç bir biznesmen Azərbaycanda serial və filmlərə sərmayə qoymur. Reklamı üçün müəyyən vəsait ayırır ki, bunun da əvəzində ya xəzini, ya da avtomobilini nümayiş etdirir. Serialı çəkənlər də həmin pulu öz aralarında bölüşdürürlər. Azərbaycanda dövlətin ayırdığı maliyyə hesabına seriallar çəkilir və rejissorun marağında deyil ki orada Məmmədqulu, Tükəzban çəkildi, ya Türkan Şoray. Çünki o, serialın nüfuzunu düşünmür. Küçədə sorğu keçirsəniz, çoxu bilməyəcək ki, yerli seriallarda baş rola çəkilən aktrisa kimdir? Onu tanıyan belə olmayacaq. Bizim seriallara bekarçılıqdan baxılır, onlara sənət əsəri demək olmaz. Türkiyədən hansısa bir ulduz atrisanı dəvət etsən, onu pulla bərabər həm də ssenari maraqlandıracaq. Ssenarini bəyənməsə, sən ona milyon təklif etsən də, razılaşmayacaq. Çünki adamlar öz çəkilərini bilirlər. Elə Bərən Saatı misal çəkim. Ola bilər ki, münasibət xatirinə hansısa ölkədə pulsuz filmə çəkilər. Belə baxanda, Bərən Saat dünyaca məşhur ulduz aktrisa deyil, amma 80 milyonluq bir ölkənin brendidir. Xoşuna gəlməyən ssenari olsa, ona 100 min də təklif edilsə, bir epizoda da çəkilməyə razılıq verməz”.
Cəvahir