“Azərbaycanlı məzunların 3-də 1-i İstanbul Universitetində təhsil alıb” – Rektor Mahmud Ak

Azərbaycanlı tələbələrin Türkiyədə sayca ən çox təhsil aldığı universitet İstanbul Universitetidir. Ölkəmizdə səfərdə olan İstanbul Universitetinin rektoru Mahmud Ak Yenicag.az-ın suallarını cavablandırıb.

– İstanbul Universitetində nə qədər azərbaycanlı tələbə təhsil alır?

– Hazırda 986 azərbaycanlı tələbə İstanbul Universitetində təhsil alır. 1991-ci ildən bu günə qədər 704 azərbaycanlı məzunumuz var. 986 tələbənin 104-ü doktoranturada oxuyur. Bir gün öncə Bakıda Türkiyə məzunları günü var idi. Orada da gördüm ki, məzunların 3-də 1-i İstanbul Universitetində təhsil alıblar. Onlar Azərbaycanda çox önəmli mövqelər tuturlar. İki ölkə başçılarımızın dediyi kimi, Türkiyə güclüdürsə, Azərbaycan güclüdür, Azərbaycan güclüdürsə, Türkiyə güclüdür. Bu gücün də simvolu insanlarımızdır. Biz də buna xidmət edirik.

– Azərbaycanda bir neçə ölkənin universitetlərinin filialları var, ancaq Türkiyənin heç bir universitetinin filialları yoxdur. Niyə Türkiyə universitetləri Azərbaycanda filial açmır?

– Türkiyə ilə Azərbaycan iki ayrı millət, iki ayrı dövlət deyil. Azərbaycanlı gənclər Türiyədə fürsət tapıb təhsil ala bilirlər. Bildiyim qədər, Türkiyədə 20 min azərbaycanlı tələbə var. Türkiyədən də Azərbaycanda təhsil alan tələbələr var. Bizim Azərbaycandakı universitetlərlə yaxşı əlaqələrimiz var. Təkcə Bakıda yerləşən yox, Sumqayıtdakı, Gəncədəki universitetlərlə əlaqələr qurmuşuq.

– Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrini gücləndirmək üçün hansı addımlar atıla bilər. Yeni layihələr ola bilərmi?

– Əlaqələrimiz var. Bu günlərdə Azərbaycanlı rektorlarla görüş keçirdik. Sonra azərbaycanlı rektorları bizim universitetimizdə qəbul etdim. Yaxın zamanlarda azərbaycanlı rektorlarla türkiyəli rektorlar bir araya gələcək və təhsil sahəsində inkişafı necə əldə edə biləcəyimizi müzakirə edəcəyik.

Səxavət Məmməd

COP29