2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında qeyd edilib.
Hesabata görə, rüblük müqayisədə azərbaycanlı turistlərin xərcləri 26 faiz artıb.
Üçüncü rüb ərzində Gürcüstanda daha çox Rusiya (adambaşına 1 323 lari) və Türkiyə vətəndaşları (adambaşına 816 lari) vəsait xərcləyib.
Ümumilikdə hesabat dövründə turistlər Gürcüstanda 3,3 milyard lari (1,1 milyard dollardan çox) xərcləyib.
2019-cu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 547 114 səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Həmin turistlərdən 7,8 faizi Gürcüstana ilk dəfə, 92,2 faizi təkrarən səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda qalma müddəti ortalama 2-3 gün təşkil edib.