!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı zabitlərin Rusiyada TƏHSİLİ: "Orduda operativ-taktiki səviyyədə sovetdənqalma zabitlər..."

!Reklam – Yazi

“Azərbaycan daim şimaldan təhlükə görürdü. Bu müqavilə o təhlükəni ortadan qaldırdı. Azərbaycanın əsas narahatlığı Rusiyanın Qarabağda necə davranacağıdır. Rusiyanın Qarabağdakı müsbət davranışı cəmiyyətdəki aqressiyanı da azalda bilər”.

Bu fikirləri Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsinə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Moskva Bəyannaməsi siyasi vəziyyətin nəticəsidir:

“Rusiya özü üçün, xüsusən də, Azərbaycan üzərindən təhlükəsizliyinin təminatı yönündən kimin kimin yanında olduğunu müəyyənləşdirməsi üçün müttəfiqlik anlayışını ortaya qoyur. Azərbaycan üçün müttəfiqlik anlayışı istənilən ölkə ilə məqbuldur. O zaman ki, Azərbaycanın təhlükəsizliyinə təminat verir. Müttəfiqlik müqavilələri ölkələrin təhlükəsizliyini zəmanət altına alır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün öncə Türkiyə ilə Şuşa Bəyannaməsi imzaladı. Azərbaycan Türkiyəyə, Türkiyə də Azərbaycana təhlükəsizlik zəmanəti verdi. Eləcə də, Rusiya ilə eyni qaydada müqavilə imzalandı. 43 bəndən ibarət olan bəyannamə Rusiyanın Azərbaycana təhlükəsizlik zəmanəti verdiyi üçün önəmlidir. Azərbaycan elə bir geosiyasi regionda yerləşir ki, təhlükəsizliyimiz çox həssasdır”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Rusiyanın müttəfiqliyi Rusiyanın qırmızı xəttinə tam uyğun gəlir:

“Azərbaycan heç vaxt NATO-ya üzvlük üzrə hazırlığını, niyyətini ortaya qoymayıb. Gürcüstan, Ukrayna kimi ciddi şəkildə o yöndə mesajlar vermədiyimiz üçün Rusiya qırmızı xəttinə görə Azərbaycana qısqanclıqla yanaşmırdı. Qoşulmama Hərəkatına üzvlüyümüz, siyasi baxımdan da orta xətti tutmağımız təhlükəsizliyimizə Rusiyanın müttəfiqliyi ilə güc qatdı.

Azərbaycan Silahlı Qüvvələrində, Dövlət Sərhəd Xidmətində, digər güc strukturlarında mövcud silah-sursatın 60 faizə yaxını Rusiya istehsalıdır. Rusiya istehsalıdırsa, həmin silahların yararlılıq müddəti bitəndən sonra onun yeri necə doldurulmalıdır? Silah-sursatla bağlı nə qısa, nə də uzun zamanda Rusiya ilə Azərbaycanın əlaqələrinin bitməsi mümkün deyil. Silahlanma daimi olmalıdır. Hazırda Azərbaycanı bu silahlanma qane etmirsə, o da doğru deyil. Başqa ölkədən silah almaq üçün öncə mütəxəssislər yetişdirməyimiz lazımdır”.

Hərbi əməkdaşlığın Rusiyaya meyillənmə anlamı daşıyacağı iddiasına gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Azərbaycanın hərbi sənədləşməsi çoxdan NATO, Türkiyə standartlarına keçmiş vəziyyətdədir. NATO-nun istənilən əməliyyat xəritəsini zabitlərimiz rahatlıqla oxuya və anlaya bilər. Rus zabiti Azərbaycanın hərbi xəritəsinə baxanda işarələri anlamaya bilər. NATO ilə Rusiya ordusunun sənədləşməsinə baxanda Azərbaycan NATO standarlarına uyğun sənədləşməyə keçib. Bütün dərslər, akademiyadakı dərslər belə Türkiyə standartlarına keçib və yenidən köhnə Sovet, Rusiya hərb sənəti teoriyasına keçməyimiz mümkün deyil. Bu struktur bizdə oturub.

Sovetdən ayrıldığımız üçün təhlükəni hər zaman beynimizdə yaşayırıq. Rusiya hərbi qurumlarımıza müdaxilə edə bilər düşüncəsi var. Əslində, Azərbaycanda altyapı elə tamamlanıb ki, onun geri dönüşü uzun illər ala bilər. Əgər biz indidən hərbi müdavimlərimizi Rusiya hərbi məktəblərinə göndərməyə başlasaq, bu o həcmdə olmalıdır ki, bir neçə ildən sonra orduda operativ-strateji səviyyə yüksəlsin. O zaman təhlükə ola bilər. Əvvəlki qorxumuz o idi ki, Sovetdən gəlmə, orada təhsil almış zabitlər vardı. Özümüzdən asılı olmadan rusiyameyilli zabitlər yüksək post tuturdu. Artıq orduda operativ-taktiki səviyyədə sovetdənqalma zabitlərimiz yoxdur. Xidmət dövrü bitəndən sonra onlar ordudan gedəcək. Bir neçə ildən sonra elə vəziyyət yaranacaq ki, əgər kurslara göndərib təhsil verməsək, Silahlı Qüvvələrimizdə rus dilində danışa biləcək zabit tapa bilməyəcəyik. Əgər müşahidə etsək ki, builki qəbulda çoxlu sayda müdavim Rusiya hərbi məktəbinə getdisə, onda ehtiyatlanmalıyıq ki, toxum əkilir. Bu proses olmadığı üçün ehtiyatlanmağa dəyməz”.

Səxavət Məmməd

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv