Azərbaycanlılar və çeçenlər arasındakı insidentdə təxribat izi – Savelyevdən özəl açıqlama

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən insidentin geniş rezonans doğurmasını təxribat kimi dəyərləndirib.

Savelyev Yenicag.az-ın Moskva müxbirinə verdiyi açıqlamasında qeyd edib ki, bu, Rusiya və Azərbaycan dostluq əlaqələrinin inkişaf tempinin aşağı düşməsində maraqlı olan şəxslər tərəfindən törədilmiş təxribatdır:

“Tərkibinə Çeçenistan Respublikası da daxil olan Rusiya Federasiyasının Azərbaycanla əlaqələri strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq ilbəildən möhkəmlənir. Xatırladım ki, 2018-ci il bütün göstəricilər üzrə -istiqsadi, siyasi, mədəni – rekord olub. Təkcə ötən il Xəzər dənizinin statusunun nəhayət ki müəyyənləşməsini xatırlamaq kifayət edir. Ölkələrimizin liderlərinin müəyyən etdiyi münasibətlər də insani amillər, çoxəsirlik qardaşlıq əlaqələrinə söykənir. Azərbaycan və Çeçnistan arasındakı çoxsəviyyəli əlaqələr isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafında ən perspektivli istiqamətlərdən biridir. Şübhəsiz ki, ölkələrimizin mövqelərinin belə güclənməsi üçüncü şəxslərin narazılığına səbəb olur. Bu epizodun KİV-də belə şəkildə təqdim olunması da məhz həmin şəxslərin təsirinin təzahürüdür. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla yanaşı, hökumətlərarası strukturlar insidentin KİV-də bu cür işıqlandırılmasının nədən qaynaqlandığını aydınlaşdırmalıdırlar”.

Fərid Əkbərov
Yenicag.az-ın Moskva müxbiri

COP29