Azərbaycanlıların Gürcüstanda tələbi – “Kazinolar mərkəzdən uzaqlaşdırılsın”

Marneuli rayonunda fəaliyyət göstərən kazinolar mərkəzdən uzaqlaşdırılmalıdır.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov bildirib.

Onun sözlərinə görə, Marneulidə onlarla kazino fəaliyyət göstərir: “Son 5-6 ildir rayonun mərkəzində kazinoların sayı gündən-günə artır. Kazinolar mərkəzdə olduğundan gəncləri cəlb edir və cibində 5-10 lari olan şəxslər də qumar oyunları oynayır”.

A.Kərimov deyib ki, Marneulidə kazinoya gedənlərin 80-90%-ni azərbaycanlı gənclər təşkil edir: “Kazinolar gecə saatlarına qədər açıq olur və bu da gəncləri təhsildən yayındırır”.

Bələdiyyə üzvü kazinoların Marneulidə bir neçə ailənin dağılmasına səbəb olduğunu bildirib: “Bir neçə il bundan öncə mal-qarasını satıb kazinoda uduzan gənc infarkt keçirərək dünyasını dəyişib. Bir neçə ailə tanıyıram ki, məcbur olub evlərini satıblar. Ötən gün Marneulidə kazino mühafizəçilərinin qadına qarşı fiziki güc tətbiq etmələri də sübut edir ki, qumar oyunları ailələrə necə bədbəxtlik gətirir”.

A.Kərimov qeyd edib ki, Gürcüstanda kazinoların fəaliyyəti qanunidir: “Biz kazinoların bağlanmasını tələb edə bilmərik. Biz, sadəcə, onların rayon mərkəzindən uzaqlaşdırılmasını təklif edirik. Axalkalaki, Dmanisi və Bolnisi rayonlarında kazinoların sayı çox azdır və demək olar ki, yox səviyyəsindədir”.

Bələdiyyə üzvü kazinoların mərkəzdən uzaqlaşdırılaraq alternativ kənar yerlərə köçürülməsi təklifi ilə bağlı bu yaxınlarda Marneuli rayon rəhbərliyinə müraciət olunacağını bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Marneulinin mərkəzində yerləşən kazinolardan birinin qarşısında insident baş verib. Oğlunun kazinodan çıxarılmasını tələb edən qadına qarşı mühafizəçilər fiziki güc tətbiq ediblər və bu da yerli sakinlərin hiddətinə səbəb olub. Polis insidentlə bağlı araşdırma aparır.

COP29