20 iyul 2018-ci il tarixdə saat 2220-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.
Naqillərin qırılması nəticəsində, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.
Eyni zamanda bildiririk ki, Azərişıq ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.
Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib”.