!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı uşaqlar üçün RİSKLƏR: "TikTok" Azərbaycanda bağlanmalıdırmı?- Sosioloqdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Azyaşlı uşaqlar üçün mövcud risklərini nəzərə alaraq, “TikTok”un telefonlardan silinməsinin tərəfdarıyam”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosial şəbəkələrin, xüsusilə “TikTok”un azyaşlılara təsiri baxımından bu platformanın ölkəmizdə fəaliyyətinin dayandırılmasının vacibliyindən danışan sosioloq Kifayət Ağayeva deyib.

Onun sözlərinə görə, XX yüzilliyin ortalarından başlayaraq, texnika böyük sürətlə inkişaf edərək, yaşayışımızın bütün sahələrinə nüfuz edib.

“XX yüzilliyin ortalarından başlayaraq, texnika böyük sürətlə inkişaf edərək yaşayışımızın bütün sahələrinə nüfuz edib. Hətta insanlararası ünsiyyət də rəqəmsallaşıb. Maddi və mənəvi həyat tərzimizə təsirsiz ötüşməyən belə ünsiyyət cəmiyyətdəki insanların düşüncələrinə sirayət edərək həyat tərzini formalaşdırıb. Çağdaş dövrümüzdə insanların həyat tərzinin tərkib hissəsi olan sosial media bir çox insanlar üçün şöhrət mədəniyyətinin mənbəsinə çevrilib”, – deyə o əlavə edib.
Sosioloqun sözlərinə görə, rəqəmsal dövrdə yaşayan müasir insanlar evini, ailəsini, özəlini, düşüncələrini sosial medianın digər sahələrində olduğu kimi, “TikTok” platformasında da sərgiləyərək qısa zamanda fenomen ola bilirlər:
“Bu gün “TikTok”un hazırda bir milyarda yaxın üzvü var. TikTok aylıq aktiv istifadəçilərin sayına görə dünyada 4-cü ən böyük sosial media platformasıdır. O, az qala “Instagram”a çatır”.

Sosioloq qeyd edir ki, bəzi insanlar qeyri-etik davranışları ilə geniş kütləni özünə cəlb etməyi bacarır:

“Son zamanlarda, sosial mediada, xüsusilə “TikTok”da özünü başqa sahələrdə realizə etməyi bacarmayan bəzi cəmiyyət üzvləri bəzən qeyri – ciddi, bəzən qeyri-etik davranışları ilə geniş kütlənin diqqətini özlərinə çəkməyi bacarırlar. Hazırda bu platforma sosial medianın ən yayılmış formalarından biri olduğu üçün bir çox insanların populyar olmasında istifadə olunan vasitədir”.

Ekspert vurğulayıb ki, “TikTok”da hesab açmaq üçün ən minimal yaş həddi 13 olsa da, çox zaman burada azyaşlı uşaqları ya təkbaşına, ya da valideynləri ilə birlikdə görmək mümkündür:

“Düşünürəm ki, hər bir valideyn övladlarını sosial medianın təhlükəsindən və texnoloji asılılığından qorumalıdır. “TikTok”da hesab açmaq üçün ən minimal yaş həddi 13 olsa da, çox zaman burada azyaşlı uşaqları ya təkbaşına, ya da valideynləri ilə birlikdə görmək olur. Bu gün texnikadan asılı olmayan çox az uşağa təsadüf etmək olar. Ona görə də buna nəzarət etmək çox çətin və yorucudur. “TikTok” qeyri-adekvat məzmun baxımından uşaqlar üçün çox zərərlidir. Hər bir sosial media platformasında olduğu kimi, burada da uşaqlara hər zaman uyğun olmayan məzmunla qarşılaşma ehtimalı yüksəkdir. Bu gün “TikTok”da söyüş və nalayiq geyim və rəqsə tez-tez rast gəlindiyi üçün bu sosial şəbəkə bir çox ölkələrdə, o cümlədən, Hindistan, Banqladeş və Pakistan kimi böyük ölkələrdə qadağan olunub. Sevindirici haldır ki, son günlər ölkəmizdə aidiyyatı qurumlar tərəfindən “TikTok” üzvlərinin davranışlarına çox ciddi nəzarət vardır. Hətta etdikləri qeyri-etik davranışlara görə bir neçə vətəndaş hüquq mühafizə orqanları tərəfindən ya saxlanılıb, hətta cərimə də olunub”.

Mütəxəssis əlavə edib ki, yaşlı vətəndaşlarımızdan tutmuş gənclərə, hətta uşaqlara qədər bir çox yaş qrupları bu proqramdan istifadə edərək, özlərini ifadə etməyə çalışırlar:

“Sosial media hesablarında hər gün milyonlarla “TikTok” videosu yayılır. Videoların şərhlərində bir çoxları “TikTok”un bağlanmasını tələb edirlər. Açığı, mən də “Facebook” hesabımda sorğu apararaq, bir çox insanın “TikTok”un zərərli olduğunu qeyd edərək onun bağlanmasını istədiyini müşahidə etdim. Azyaşlı uşaqlar üçün mövcud risklərini nəzərə alaraq, “TikTok”un telefonlardan silinməsinin tərəfdarıyam. Onu da qeyd edim ki, əslində, “TikTok” elə cəmiyyətimizin təbii əksidir. Yaşlı vətəndaşlarımızdan tutmuş gənclərə və hətta uşaqlara qədər bir çox yaş qrupları bu proqramdan istifadə dərək özlərini ifadə etməyə çalışırlar. Bu platforma vasitəsi ilə kimin hansı mənəvi dəyərlərə sahib olub-olmaması daha tez aşkar olur”.

İsmayıl Bakuvi

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv