!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bahçeliyə o tviti yazdıran proseslərin PƏRDƏARXASI: Hədəfdə həm də İlham Əliyevdir – Aqil Ələsgər yazır

!Reklam – Yazi

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin Şuşada açmağı arzuladığı Üzeyir Hacıbəyli adına məktəblə bağlı son tviti Azərbaycan-Türkiyə münasibətlərini gündəmə gətirdi.

Son cümləni oxuyub, “Azərbaycan-Türkiyə münasibətləri bir məktəbdənmi asılıdır” sualını verməzdən əvvəl bəzi gerçəkləri sadalamağıma icazə verin. Türkiyədə Azərbaycana tərəddüdsüz dəstək verən iki kəsim var:

• Milliyyətçilər – Azərbaycanla bağlı tərəddüdsüz dəstək nümayiş etdirən, illərdən bəri Qarabağ məsələsini Türkiyənin gündəmindən düşürməyənlər;
• Mühafizəkarlar – Müsəlman olduğu və kafir Ermənistanın zülmünə uğradığı üçün Azərbaycana dəstək olmağın vacibliyini dilə gətirənlər.

Hər iki kəsim I və II Qarabağ savaşında Azərbaycana dəstək verib. Yusif Ziya Arpacıq, İrfan Özcan, Hamit İlbey, Atilla Kaya kimi ülküçülər I Qarabağ savaşı zamanı “Rüzgar Birliyi”ni quraraq Azərbaycan Milli Ordusunun formalaşmasında müstəsna rol oynayıblar. İHH və rəhbərliyi mərhum Nəcməddin Ərbəkana bağlı olan digər xeyriyyə təşkilatları, vəqflər isə I Qarabağ savaşı zamanı qaçqın düşərgələrimizə ilk yardım əlini uzadanlardır.

Elə Avropa və Amerikada da bu gün yenə bu kəsimlərdən olan insanlar və quruluşlardır bizim aksiyalarımıza dəstək verənlər…

Və Azərbaycan prezidenti İlham Əliyevin zaman-zaman Türkiyə ilə bağlı jestləri də bu iki kəsimin diqqətini çəkib və əvvəllər fərqli yanaşsalar da, son 10-12 ildə İlham Əliyevə münasibət müsbət mənada kifayət qədər dəyişib.

Bizdə olduğu kimi liberal, kosmopolit, Qərbin və ya rusun, bilmədin, farsın təsirində olanlar üçün burada olduğu kimi Türkiyədə də milli şüurun, özünüdərkin bir anlamı yoxdur və onlar üçün Azərbaycanla Boliviya eyni önəm daşıyır.

***

II Qarabağ savaşı və ondan sonra istisnasız olaraq hər kəs Azərbaycanın yanında və qarşısında dayananları gördü. Məhz savaş bitəndən sonra Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniya tam gücü ilə bu iki kəsimə doğru yönəlib.

Bu iki kəsim Azərbaycanın Türkiyədəki təbii lobbisi ilə yollarını ayırmaq istəyir. Ayırmaq istəyənlər kimlərdir?

• Erməni lobbisi

• İran

• Rusiya

• FETÖ

• Almaniya

• CIA

• Fransa.

Bu siyahını istənilən qədər uzatmaq da olar. Ancaq Azərbaycanın A-sından xəbəri olmayanların (Onların sırasına Zəfər sonrası irihəcmli layihələri qapmaq üçün Azərbaycanda qapı-qapı dolaşan türkiyəli dələduzlar da daxildir ki, bu, artıq başqa yazının mövzusudur) önü burada biriləri tərəfindən açılarkən, nə Türkiyədə, nə də Azərbaycanda bizim xeyrimizə heç də ürəkaçan hallar yaşanmır.

***

Öncə mühafizəkar kəsimlə aramızın vurulması üçün Türkiyə dindarının ən həssas yerindən – Fələstindən mövzuya daxil oldular. İsrailin illərdən bəri apardığı qapalı PR çalışmaları sonucunda bizdə Fələstin məsələsinə baxış Türkiyə ilə müqayisədə çox fərqlidir. Xüsusilə, Anadolunun mühafizəkar kəsimi üçün Qüds, Fələstin o qədər həssas mövzudur ki, Türkiyədə ona fərqli düşüncə ilə toxunan “yanar”.

Məhz bizim “Facebook” fədailərimizin də lazımsız və lüzumsuz ortaya atılması ilə son yaşananlarla əlaqəsi olmayan 2018-ci ilə dair rəsmi dövlət təbriki, 2015-ci ilin Alov Qüllələrinin İsrail bayrağına bürünməsini montajlayaraq, heç də kiçik sayılmayan bir kütləni Azərbaycan əleyhinə çıxışlara təhrik etməyə çalışdılar.

Mühafizəkar kəsimdə sözünün kəsəri olan Hasan Öztürk, Sinan Burhan, Nevzat Çiçək, Hüseyin Büyükfırat kimi şəxslərin müdaxiləsindən sonra həmin cameənin bir qismi məsələnin heç də təqdim edildiyi kimi olmadığını, kimlərinsə Azərbaycanı Türkiyədəki ən böyük dayaqlarının birindən məhrum etmək üçün bu fitnəni körüklədiyini anladılar.

Devlet Bahçelinin məlum tviti isə planın ikinci mərhələsindən xəbər verir. Mühafizəkarlar arasında anti-Azərbaycan, anti-Əliyev təbliğatı aparanlar digər xətt ilə – ülküçülərlə Azərbaycanın arasını açmaq istəyiblər və göründüyü qədər, buna müvəffəq də olublar.

Təbii ki, burada bir koordinasiya probleminin olduğu da aşkardır. Ancaq koordinasiya probleminə qədərki bürokratik problemlər, xüsusilə, bu işdə kilid rol oynayan iki ölkənin Təhsil Nazirlikləri arasındakı dialoqlar da çox mühümdür. Cənab Bahçelinin tvitinin – yəni “dananın quyruğunun qopduğu yer”in başlanğıcını da məhz nazir(lik)lərarası dialoqda axtarmaq lazımdır.

Hər zaman vurğuladığım bir fikir var: Azərbaycanla Türkiyə arasında ən üst və ən alt təbəqədə heç bir problem olmadığından, hər ikisi “tək millət, tək dövlət” anlayışı ilə hərəkət edir. Ancaq hər iki tərəfdə problem bürokratiyadadır, hətta nazirlər səviyyəsindədir.

Azərbaycanda Samir Nuriyev-Hikmət Hacıyev dönəminə qədər Prezident Administrasiyası səviyyəsində də bu problem mövcudluğunu qoruyurdu. Hər nə qədər dilə gətirilməsə də, şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin rəsmiləşməsi əldə bayraq edilsə də, iki ölkə arasında təhsildən gömrük sahəsinə qədər bir çox sahədə çözümünü gözləyən anlaşmazlıqlar, problemlər mövcuddur.

Həm də problem sadəcə, Azərbaycan tərəfində deyil. Elə Türkiyədə də azərbaycanlıların üzləşdikləri problemlər yetərincə çoxdur. Və heç kim etiraf etmək istəmir ki, Maarif Vəqfi Təhsil Nazirliyimizlə iki-üç gün əvvəl imzaladığı sənəd üçün aylar deyil, illərdir, bizimkilərin qapısında qalıb.

Maarif Vəqfi rəhbərliyinin belə nazir Emin Əmrullayevə bir neçə dəfə ünvanladığı “randevu” müraciəti hər dəfə fərqli bəhanələrlə “yola verilibsə”, MHP-nin Şuşada məktəb inşasına dair təşəbbüsünün aqibətini təxmin etmək mümkündür.

Nədənsə, hər fürsətdə Azərbaycan əleyhinə təbliğatın “birinci skripka”sına çevrilən Fransanın ölkəmizin təhsil sektorunda əlini-qolunu rahat hərəkət etdirməsinə şərait yaradan nazirliyimiz mövzu Türk məktəbləri olunca, eyni canıyananlığı göstərmir. Bunu elə Maarif Vəqfinin və ya Atatürk Liseyinin neçə ildən bəri acı bağırsaq kimi uzanan danışıqlar prossesindən də sezmək olar.

Devlet Bahçelinin Şuşada məktəb tikdirmək istəyi ən üst səviyyədə çox müsbət qarşılansa da, məhz Təhsil Nazirliyindən qaynaqlanan “əmma”ların, süründürməçiliyin ortaya çıxan anlaşılmazlığı necə “cücərtdiyini” bilmək üçün münəccim olmağa ehtiyac yoxdur.

Türkiyə milli təhsil nazirinin Bakıdan dönər-dönməz bu tvitin atılması da bu fikirləri bir daha təsdiqləyir. Çünki yaşananlar əsla bir günün, bir anın məsələsi deyil. Təkzib ediləcək, ancaq MHP heyəti yanvarın sonunda Bakıdaykən də, məsələ ilə bağlı bürokratik problemlər vardı və o zaman Devlet Bahçeli Azərbaycan Təhsil Nazirliyinin bütün şərtlərinin qəbul edilməsi tapşırığını vermişdi.

Buna rəğmən, işlər yenə bürokratlar tərəfindən daşlığa sürüldü və arezuedilməz sonuc ortadadır. Nəticə etibarilə, kimin barmağının “işləməsindən” asılı olmayaraq, o tvit – yəni milliyyətçi kəsimin Azərbaycanın mövcud iqtidarı ilə arasının köhnə günlərə dönməsi yalnız Türkiyədə deyil, Avropada da xeyrimizə olacaq məqam sayıla bilməz.

Bu baxımdan, Azərbaycana qeyd-şərtsiz dəstək olan iki qrupla İlham Əliyev arasında uçurum yaratmaq ancaq düşmənlərimizin işinə yarayacaq. Nəticədə ötən əsrin 90-cı iilərində fətullahçılar Türkiyədən Azərbaycana necə axın etmişdilərsə, indi də saf dindar və millətçi kəsimin əvəzinə yenə də dələduzlar, “üçkağıtçı”lar buraları su yoluna çevirəcək. Uduzan isə yenə də Türkiyə ilə Azərbaycan olacaq…

Necə ki, dünənə qədər xəritədə Azərbaycanın yerini bilməyənlər Bakıda özlərinə arxalı ortaqlar taparaq, Qarabağda həyata keçirilən miqyaslı inşaat layihələrini ələ keçirməkdədirlər. Qısacası, bəzən kiçik bir məmurun xırda görünən səhvi də qarşısıalınmaz fəlakətlərin başlanğıcı olur.

Ona görə də, Türkiyə-Azərbaycan əlaqələrinə nəzarət güclənməli, Türkiyədəki könüllü elçilərimiz küsdürülməməli, yalnış informasiya üzündən qarşımızda səf tutan çevrələrlə məhsuldar dialoq qurulmalıdır.

Çünki ortaq düşmənlərimizin gerçək hədəfi Azərbaycanı bu güclərdən məhrum buraxmaq, nəticədə heç vaxt bugünkü səviyyəsinə qalxmayan Türkiyə-Azərbaycan münasibətlərində dərin çatlar yaratmaq və əlbəttə ki Vətən Müharibəsini böyük zəfərlə yekunlaşdıran İlham Əliyevi zəiflətməkdir…

Aqil ƏLƏSGƏR

www.yenicag.az

10698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv