Bakı ilə Brüssel arasında yeni gərginlik: Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımır? – VİDEO

“Azərbaycan və Avropa İttifaqı arasında gözlənilən sazişin imzalanmamasının əsas səbəbi Brüsselin Azərbaycanın ərazi bütövlüyünə yolverilməz münasibətidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunan Sammitdə Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanmamasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Brüssel “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları olan postsovet dövlətlərinin ərazi bütövlüyünün dəstəklənməsində açıq ayrı-seçkiliyə yol verir:
“Bütün ehtimalların əksinə olaraq, Brüsseldə ikitərəfli sazişin imzalanmamasının əsas səbəbi Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü birmənalı qaydada qəbul etməkdən imtinasıdır.

Çox təəssüf ki, Avropa İttifaqı ərazi bütövlüyü məsələsində “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarına yanaşmada da ikili standartlardan çıxış edir. Yəni proqram iştirakçılarından bir qisminin ərazi bütövlüyü qəti şəkildə təsbit edilsə də, Azərbaycana münasibətdə fərqli mövqe tutulur”.

Politoloq prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın Brüsseldə baş tutan görüşünə də toxunub. Politoloqun fikrincə, Paşinyanın son bəyanatları danışıqların əhəmiyyətini xeyli azaldıb.

A.Zeynalov

COP29