!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunun yeni inşa olunan stansiyasında son vəziyyət açıqlandı - FOTO

!Reklam – Yazi

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinin 4-cü stansiyasında işlər nəzərdə tutulan plan üzrə davam etdirilir.

Yenicag.az xəbər verir ki, bunu qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Xatırladaq ki, şərti adı “B-04” olan yeni stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə, Cəlil Məmmədquluzadə küçəsində inşa edilir.

Metro rəsmisinin sözlərinə görə, Bənövşəyi xəttin “Memar Əcəmi-2” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da “Qruntda divar” üsulu tətbiq edilir.

“Tikinti işləri qarşı-qarşıya dərin və ensiz xəndəklərin qazılmasından başlanır. Xəndək divarları bentonit məhlulu ilə emal olunmaqla möhkəmlənir, uçqun təhlükəsi aradan qaldırılır. Sonradan bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları yerləşdirilir və xəndəklər beton məhlulu ilə doldurulur. İki divar arasında qalan sahədə qruntçıxarma işləri başlanır ki, bu da əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa gəlir”, – deyə o, qeyd edib.

“B-04” stansiyasının ümumi uzunluğu 170 metr, dərinliyi isə ərazinin relyefindən asılı olaraq 29-32 metr olacaq. Ən üst qatda – 1-ci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya 4 giriş vasitəsi ilə qəbul olunacaq. Burada döşəmənin betonlanma işləri başa çatdırılıb. Gələcəkdə zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində eskalatorlar quraşdıralacaq. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator üçün özül yeri ayrılıb.

2-ci səviyyə keçid funksiyalı olacaq. Buradan platforma və gözləmə zalı səviyyəsinə qədər inşaat işi aparılacaq. Bu səviyyə vasitəsilə həm də Konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək Sarı xəttin “S-06” stansiyasına keçmək mümkün olacaq. İnşaat zamanı bu xüsusiyyətlər və digər xəttin stansiyasına keçid yerinin əvvəlcədən hazırlanması da nəzərdə tutulub.

Hərəkət məhdudiyyətli sərnişinlər Bənövşəyi xəttin əvvəlki stansiyalarında olduğu kimi, liftlərdən istifadə edə biləcəklər. Platformanın uzunluğu xəttin bütün stansiyalarında 144 metr olmaqla 7 vaqonlu qatar üçün nəzərdə tutulub.

Metro rəsmisi stansiyanın açılış tarixinin bilinmədiyini də qeyd edib: “Hazırda stansiyanın 2-ci mərhələsinin inşası gedir. Bundan sonra daha 2 mərhələdə tikinti işləri olacaq. İşlərin nə zaman yekunlaşması geoloji şəraitdən və qurunt sularının səviyyəsindən asılıdır”.

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv