Bakı-Tiflis-Qars: “Ermənistan üçün bundan pis nə ola bilər?” – Türk siyasətçilərdən şərh

Türk siyasətçilər Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışını Yenicag.az-a şərh ediblər.

AK partiyanın Vandan seçilmiş millət vəkili Burhan Kayatürk bu tarixi hadisəni iki qardaş ölkə prezidentlərinin güclü iradəsinin simvolu kimi dəyərləndirib:

“Türkiyə və Azərbaycan indiyə qədər Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti kimi böyük layihələr həyata keçiriblər. 30 oktyabrda cənab prezidentimiz Rəcəb Tayyip Ərdoğan və qardaş ölkə olan Azərbaycanın prezidenti cənab İlham Əliyevin açılışını etdikləri Bakı-Tiflis-Qars dəmiryolu xətti əvvəlki böyük layihələrin davamıdır. Yeni dəmiryol xətti Qafqazdan Avropaya, Xəzər dənizinin şərq sahillərindən Çinə qədər davam edən dəmiryol şəbəkəsinə birləşdiriləcəkdir. Bu layihədə Ərdoğan və Əliyevin, eləcə də baş nazir cənab Binali Yıldırımın böyük əməyi var. Baş nazir nəqliyyat naziri olduğu dövrdən bu layihə üzərində çalışırdı. Türkiyə və Azərbaycan bu cür əhəmiyyətli layihələri həyata keçirtdikləri üçün hər zaman öz liderlərinə minnətdar olacaqlar. Bakı-Tiflis-Qars dəmiryolu xətti iki qardaş ölkə arasındakı münasibətləri daha da gücləndirəcəkdir. Ümid edirəm ki, bu dəmiryolu regionda sülh və sabitliyi pozan, Türkiyəyə qarşı əsassız iddialar irəli sürən Ermənistana yaxşı bir ismarıc olacaq. Layihənin bölgəyə xeyirli olmasını diləyirəm”.

CHP-nin Antaliyadan olan millət vəkili Niyazi Nefi Kara isə bu layihəni qardaş ölkələr arasındaki inteqrasiyanın ən yaxşı nümunəsi adlandırıb.

“Regionda həyata keçirilən enerji və infrastruktur sahələrindəki ən böyük layihələrin Türkiyə və Azərbaycan tərəfindən gerçəkləşdirilməsindən çox məmnunuq. Azərbaycanın iqtisadi inkişafına müsbət təsir edəcək Bakı-Tiflis-Qars dəmiryolu xətti Türkiyədən Avropaya uzanaraq, bizim üçün də böyük imkanlar yaradacaq. İnfrastrukturu inteqrasiya olunmuş ölkələrin birlik qurması və gücləndirməsi də asan olacaq. 30 oktyabrda açılan Bakı-Tiflis-Qars dəmiryolu “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan birliyini daha da gücləndirəcək. Davamlı olmasını diləyirəm.”

MHP-nin Adanadan seçilən millət vəkili Muharrem Varlı da bu dəmiryol xəttinin regionda Türkiyə və Azərbaycanın gücünü artıracağını bildirib:

“Bakı-Tiflis-Qars dəmiryolunun açılışı işğalçı Ermənistana ən böyük dərsdir. Təsəvvür edin ki, yerləşdiyiniz regionda böyük infrastruktur və enerji layihələri həyata keçirilir, ancaq siz bunların hamısından kənarda qalırsınız. Bir ölkə üçün bundan ağır vəziyyət ola bilməz. Gələcəkdə digər türk dövlətlərinin də qatılması planlaşdırılan bu layihə “Bir millət iki dövlət” olan Türkiyə və Azərbaycana xeyirli olsun”.

COP29