Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

Yenicag.az xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Prado” markalı avtomobil idarəetməni itirərək “Subaru” markalı maşına dəyməsi nəticəsində baş verib. “Subaru” yoldan çıxaraq yolun əks tərəfində hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”də olan şəxslərdən ikisi dünyasını dəyişib. Daha üç nəfər isə xəsarət alıb. Kliniki Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, qəzada xəsarət alanlar 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu KTM-ə çatdırılıb, onlara zəruri tibbi yardım göstərilir.

Qeyd edək ki, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. O, qəza nəticəsində yüngül xəsarət alıb. Arif Rəhimovun xəsarətləri yüngül olduğundan o, xəstəxanaya müraciət etməyib.

COP29