!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Azərbaycan-Litva biznes forumu keçirildi - FOTOLAR

!Reklam – Yazi

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

***

Prezident İlham Əliyevin çıxışı

– Cənab Prezident.

Əziz qonaqlar, xanımlar və cənablar.

Bu gün Litva Prezidentinin rəsmi səfəri zamanı biz biznes forumda iştirak etməyə və işgüzar dairələrimizə öz məsləhətlərimizi verməyə, bu fürsətdən istifadə edərək, çox fəal dialoqa qatılmaq və yaxşı nəticələr əldə etməyə gəldik. Mən bilirəm ki, bu gün bir sıra sənədlər imzalanacaqdır. Mən ümid edirəm ki, bu sənədlər iş qurmaq üçün yeni imkanlar yaradacaqdır.

Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Əlbəttə ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Fikrimcə, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bu gün nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlər vardır. Müzakirə etdiyimiz bütün məsələlərə dair bizdə ümumi anlayış vardır. Həmçinin həmin məsələlərə dair praktiki nəticələr əldə etməyə və əməkdaşlığı inkişaf etdirmək üçün başqa nə etməyi müəyyənləşdirməyə ehtiyacımız vardır.

Düşünürəm ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir.

Ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas prioritetdir. Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı nəticələr görürük. Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir. Bizim çox az xarici borcumuz vardır – ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır.

Bizim ixrac potensialımız artır, həm beynəlxalq bazarlara qaz ixracının artmasına, həm də qeyri-enerji sahəsində islahatlara görə. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir. Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik. Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi – dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq. Yeri gəlmişkən, bu məsələ bizim bugünkü müzakirələrin mövzusu olmuşdur. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıqdan da danışdıq, xüsusilə də ölkələrimizin inkişaf ehtiyaclarına yönələn təhsil barəsində.

Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır.

Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri – neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.

Bizim aramızda tam anlaşma var və biz böyük həvəslə çalışırıq, çünki bu halda hər bir tərəf udur. Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq.

İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır.

Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir.

İkitərəfli ticari və iqtisadi gündəliyimizə gəldikdə, fikrimcə, çox yaxşı haldır ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər.

Bir daha bütün qonaqlarımızı salamlayıram və biznes foruma uğurlar arzulayıram. Sağ olun.

Prezident Gitanas Nausedanın çıxışı

– Zati-aliləri, Prezident Əliyev.

Xanımlar və cənablar.

Bu gün burada sizin qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Böyük məmnuniyyətlə Prezident İlham Əliyevlə Azərbaycan – Litva biznes forumunun açılışında iştirak edirəm. Bu gün əvvəlcə hər iki ölkə üçün vacib olan müxtəlif mövzular ətrafında Prezidentlə apardığım səmimi söhbətdən çox razıyam. Azərbaycanın işgüzar və siyasi dairələrini səmimi qəlbdən salamlayıram.

Biz çox müstəsna məkanda görüşürük. Ümid edirəm ki, bu təkrarolunmaz və memarlıq baxımından xüsusi mədəniyyət Mərkəzi iki dövlətin – Azərbaycanın və Litvanın işgüzar dairələrini hamının rifahı naminə bir-birinə daha yaxın edəcək. Sələfimin – Litva Prezidentinin Azərbaycana son səfərindən on il keçir. Mənim məqsədim iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaqdan, onları daha sıx və uzunmüddətli etməkdən ibarətdir.

Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Mənim ölkəmin – Litvanın çox saylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir.

Sizin xüsusi diqqətinizi Litvanın Klaypeda dəniz limanına cəlb etmək istərdim. Həmin zonada dəniz buz bağlamır və o, Baltik dövlətləri arasında ən böyük limandır. Bütün il ərzində, Litva strateji baxımdan güclü, şaxələndirilmiş istehsal sektorunun qurulmasına diqqət yetirirdi. İndi isə ölkəmiz innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Güclü istehsal sabit enerji mənbələrini tələb edir. Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq.

Litvanın ərzaq və kənd təsərrüfatı sahəsinin gücü müxtəlif çeşidli məhsullarda görünür. Nəticədə, biz ərzaq məhsullarımızı 150-dən artıq ölkəyə ixrac edirik. Nəhayət, bütün iqtisadi sahələr ixtisaslı əmək qüvvəsi sayəsində bir-biri ilə bağlıdır. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. İki onillik öncə Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır. Mənim ölkəmdə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə biz yalnız İrlandiyadan sonra gəlirik.

Mən Azərbaycanın işgüzar dairələrini Litvanın ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırıram. Hər iki ölkə üçün biznes əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Litvadan gəlmiş və fərqli sektorları təmsil edən işgüzar kişi və qadınlardan ibarət müxtəlif tərkibli heyətləri bu gün görməkdən çox məmnunam.

Hörmətli Litva və Azərbaycanın işgüzar dairələri, mən sizin hamınıza maraqlı müzakirələr arzulayıram və ümid edirəm, söhbətlər zamanı ölkələrimiz – Litva və Azərbaycan üçün faydalı olacaq nəticələr əldə olunacaq.

Çox sağ olun.

Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

“Beynəlxalq yol nəqliyyatı Sazişi”ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzaladılar.

“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”nu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzaladılar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin baş direktoru xanım Agne Vaitkunene imzaladılar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Konfederasiyanın vitse-prezidenti Romas Austinskas imzaladılar.

“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi”ni Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Litva Respublikası Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Romas Austinskas imzaladılar.

Prezident Gitanas Nauseda: Bu sənədlər həqiqətən də faydalı olmalıdır. Çünki biz Prezidentlə onların imzalanmasının şahidiyik.

Prezident İlham Əliyev: Uğurlar. Təşəkkür edirəm.

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış oldular.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verdi. Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.

Biznes forum işini müzakirələrlə davam etdirib.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv